🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Sağlamlıqla bağlı güclü narahatlıq qadınlarda bioloji qocalmanı sürətləndirir

Azərbaycan.media xəbər verir ki, yaşla əlaqədar sağlamlığının pisləşməsi barədə güclü narahatlıq yaşayan qadınlar molekulyar səviyyədə daha sürətli qocalırlar. Bu nəticəyə alimlər qocalmanın epigenetik markerlərini təhlil etdikdən sonra gəliblər.

Tədqiqatın nəticələri “Psychoneuroendocrinology” elmi jurnalında dərc olunub. Bildirilib ki, müasir elmdə yaş artıq təkcə yaşanan illərin sayı kimi deyil, həm də bioloji proses kimi dəyərləndirilir. Eyni xronoloji yaşda olan insanlar hüceyrələrinin vəziyyətindən asılı olaraq fərqli sürətlə qocala bilirlər.

Bu fərqləri ölçmək üçün alimlər DNT metilasiyasındakı dəyişikliklərə əsaslanan kimyəvi markerlərdən istifadə ediblər. Məlumdur ki, xroniki stress bioloji qocalmanı sürətləndirə bilər. Araşdırma isə göstərib ki, məhz qocalma ilə bağlı spesifik narahatlıq da bu prosesə ciddi təsir edir.

Sözügedən narahatlıq növünə qadınların sosial təzyiq fonunda yaşadığı sağlamlığın pisləşməsi, cəlbediciliyin azalması və reproduktiv imkanların itirilməsi kimi qorxular daxildir.

Nyu-York Universitetinin Qlobal İctimai Səhiyyə Məktəbindən Mariana Rodrigezin rəhbərlik etdiyi tədqiqatçılar qrupu 726 qadının məlumatlarını təhlil edib. İştirakçılardan qan nümunələri götürülüb və onların psixoloji vəziyyətlərini əks etdirən sorğular keçirilib.

Narahatlıq üç əsas istiqamət üzrə qiymətləndirilib: sağlamlığın pisləşməsi qorxusu, xarici görünüşlə bağlı narahatlıq və reproduktiv yaşlanma ilə əlaqəli stres. Bioloji yaş isə iki fərqli epigenetik alqoritm əsasında hesablanıb.

Təhlillər göstərib ki, məhz sağlamlıqla bağlı qorxular sürətlənmiş bioloji qocalma ilə birbaşa əlaqəlidir. Gələcək xəstəliklər və fiziki zəifləmə barədə daha çox narahat olan qadınlarda, mövcud xroniki xəstəliklərdən asılı olmayaraq, hüceyrə qocalmasının daha sürətli getdiyi müşahidə edilib.

Eyni zamanda, görünüş və reproduktiv yaşla bağlı narahatlıqlarla sürətlənmiş qocalma arasında statistik baxımdan əhəmiyyətli əlaqə aşkarlanmayıb. Alimlər bunu bu tip narahatlıqların zamanla azalması, sağlamlıqla bağlı qorxuların isə yaş artdıqca güclənməsi ilə izah edirlər.