Azərbaycan.media xəbər verir ki, Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoq mövzusuna diqqət ayırması xüsusi əhəmiyyət kəsb edir. BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Azərbaycanın ev sahibliyi ilə keçirilən yüksək səviyyəli paneldə iştirak edən BMT Baş katibinin köməkçisi və “UN Women” təşkilatının icraçı direktorunun müavini Nyaradzayi Gumbonzvanda bildirib.
N. Gumbonzvanda mövzunun aktuallığını xüsusi vurğulayaraq qeyd edib ki, hazırda Ümumdünya Dinlərarası Harmoniya Həftəsi qeyd olunur və məhz bu dövrdə Azərbaycanın təşəbbüsü ilə mədəniyyətlər və dinlərarası dialoqa həsr olunmuş panelin keçirilməsi böyük əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, Azərbaycanın BMT və Esseks Universiteti ilə birgə bu mövzuya diqqət yönəltməsi və belə bir tədbirə ev sahibliyi etməsi təqdirəlayiq addımdır:
“Bizim üçün qadınlar və gənclərlə bağlı məsələlərə güclü vurğunun edilməsi xüsusilə müsbət məqam oldu”.
BMT Baş katibinin köməkçisi əlavə edib ki, panel müzakirələri bir daha göstərdi ki, sosial həmrəylik məhz icmalar daxilində aparılan dialoqdan başlayır:
“Biz bu istiqamətdə fəaliyyətə sadiqik, çünki qadınlar və gənclərlə icma səviyyəsində qurulan dialoq münaqişələrin qarşısının alınmasının mühüm tərkib hissəsidir. Sosial birlik və sülh də məhz bu yolla formalaşır”.
