🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Kişilərdə ürək-damar xəstəlikləri riski qadınlardan təxminən 7 il əvvəl kritik həddə çatır

Azərbaycan.media xəbər verir ki, kişilər ürək-damar xəstəlikləri üzrə risk zonasına qadınlarla müqayisədə xeyli daha erkən – təxminən 35 yaşdan etibarən daxil olurlar və onların ürək sağlamlığı göstəriciləri kritik həddə orta hesabla yeddi il daha tez çatır.

Axar.az-ın məlumatına görə, bu barədə Amerika Ürək Assosiasiyasının jurnalında dərc olunan araşdırmada qeyd olunub. Bildirilib ki, ürək-damar xəstəlikləri qəfil deyil, əsasən 30–40 yaşlardan başlayaraq uzun illər ərzində mərhələli şəkildə inkişaf edir.

34 il davam edən və 5 mindən çox insanı əhatə edən tədqiqatın nəticələrinə əsasən, kişilərin 5 faizi artıq 50 yaşında ürək-damar xəstəliyinə tutulduğu halda, qadınlarda bu göstərici orta hesabla 57 yaşında qeydə alınır.

Araşdırmada vurğulanır ki, 50 yaşdan sonrakı 10 il ərzində xəstələnmə riski kişilərdə 6 faiz, qadınlarda isə 3 faiz təşkil edir. Mütəxəssislər bu fərqin yalnız klassik risk faktorları ilə deyil, eyni zamanda bioloji və sosial amillərlə də əlaqəli olduğunu bildirirlər.

Ekspertlər ürək-damar xəstəlikləri üzrə risk qiymətləndirməsinin 40 deyil, artıq 30 yaşdan başlanmasını, həmçinin müntəzəm tibbi müayinələrdən keçməyi, sağlam qidalanmanı və fiziki aktiv həyat tərzini tövsiyə edirlər.