🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bundesver təhlükəsizlik riskləri fonunda İraqdakı kontingentini azaldır

Azərbaycan.media xəbər verir ki, Almaniya Silahlı Qüvvələri (Bundesver) təhlükəsizlik səbəblərinə görə İraqdakı hərbi kontingentinin sayını əhəmiyyətli dərəcədə azaltmaq qərarı verib.

Bu barədə “Der Spiegel” jurnalı yazıb. Nəşr bildirir ki, Bundesverin əməliyyat komandanlığı regionda, xüsusilə də İran ətrafında mümkün eskalasiya risklərini nəzərə alaraq əlavə təhlükəsizlik tədbirləri görür. Bu çərçivədə missiya baxımından zəruri olmayan hərbi personal ehtiyat tədbiri kimi İraq ərazisindən çıxarılıb.

Bununla belə, Bundesverin sözçüsü geri çəkilmədən sonra ölkəyə qaytarılan qüvvələrin sayı və ya İraqda qalan kontingentin həcmi barədə açıqlama verməkdən imtina edib.

Qeyd edək ki, Almaniya hökuməti bu hərbi missiyaya 2015-ci ildə, İŞİD-in Suriyanın böyük hissəsini və İraqın bir qismini nəzarətə götürdüyü dövrdən sonra start verib.