🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Radio jurnalistinin xatirələri/ Zümrüd Səfərova

 

“Düzünü deməyə utanır”

 

Radioda bir vaxtlar Hadi Rəhimov adlı jurnalist vardı. O, İdman redaksiyasının böyük redaktoru idi və çox güclü şahmatçı sayılırdı. Radioda onun udmadığı adam yox idi.
Qocaman diktor Soltan Nəcəfovu da udmuşdu. Soltan müəllim də onun əlindən yanıqlı idi; hey istəyirdi ki, kimsə Hadini udsun. Nə özü uda bilirdi, nə də tapıb gətirdiyi adamlar…
Söhbət əsnasında Soltan müəllimə dedim ki, tələbə yoldaşım Zəminə Mirhadıyeva dama üzrə respublika çempionudur. Soltan müəllim bu sözü eşidən kimi çox sevindi:
— Zəng elə, rəfiqən gəlsin, Hadini udsun!
Rəfiqəmə zəng vurub əhvalatı danışdım. Dedi:
— Mən şahmat yox, dama üzrə çempionam. Şahmat oynaya bilirəm, amma udmağa söz vermirəm.
Soltan müəllim dedi:
— De gəlsin, Allah kərimdir.
Birtəhər Zəminəni razı saldım.
Zəminə ilə Hadi müəllim oynamağa başladılar. Qızğın oyun gedirdi. Soltan müəllim elə həyəcan keçirirdi ki, sanki dünya çempionatı idi. Birinci oyun heç-heçə bitdi, ikinci oyun isə Hadi müəllimin qələbəsi ilə başa çatdı.
Hadi müəllim gülə-gülə dedi:
— Hə, Soltan, nə oldu? Təzə adam varsa, de gəlsin…
Soltan müəllim çox məyus oldu. Mənə dedi:
— Gedirəm diktorların otağına. Kim gəlib soruşsa, kim udub, deyərsən rəfiqən udub.
Dedim:
— Soltan müəllim, axı rəfiqəm udmayıb…
Soltan müəllimin getməyi ilə gəlməyi bir oldu. Bütün diktorları, redaktorları yığıb gətirmişdi. Hamı deyirdi:
— Hadi, bu cavanca uşağa uduzmusan?
Zəminə tələsik dedi:
— Yox, yox, Hadi müəllim udub, mən uduzmuşam…
Soltan müəllim isə israrla söylədi:
— Görün bu cavanca qız Hadi pərt olmasın deyə deyir ki, uduzub. Zümrüd qızımız da şahiddir. Sadəcə, düzünü deməyə utanırlar…

 

Özünü çox qabağa verməsin

 

Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrində Əliaga Əliyev adlı bir klarnet ifaçısı vardı. Bu adam o qədər baməzə idi ki, ona qulaq asan bir də qulaq asmaq istəyirdi. Yumorla dolu Əliaga Əliyev əgər aktyor olsaydı, məşhur filmlərdə deyildiyi kimi, çoxdan xalq artisti adını almışdı.
Onun danışdığı əhvalatlardan biri belədir:
1941–1945-ci il müharibəsi vaxtı, cəbhəyə getmək istəməyən məşhur musiqiçilərdən biri Ordubadiyə deyir:
— Sizdən bir xahişim var, Bağırova deyin ki, məni müharibəyə göndərməsin.
Ordubadi cavab verir:
— Yaxşı, deyərəm.
Bir müddət sonra həmin adam Ordubadidən soruşur:
— Dediniz?
Ordubadi deyir:
— Narahat olma, deyəcəyəm.
Bir gün adam həyəcanla Ordubadinin yanına gəlir:
— Çağırış gəlib, məni müharibəyə aparırlar. Siz dediniz Bagirova, ya yox?
Ordubadi cavab verir:
— Dedim.
Adam soruşur:
— Bəs, nə dedi?
Ordubadi deyir:
— Bağırov dedi ki, müharibəyə getsin, amma özünü çox qabağa verməsin…

“Çətini bir dəfədir”

Sovet vaxtı radionun erməni redaksiyasında Asya Akumyan adlı bir erməni diktor vardı; rəsmi nikah sayı 7-ni keçmişdi. Bir dəfə ailə qurmayan jurnalist xanımlardan birinə dedi:
— Almazcan, niyə ərə getmirsən? Görürsən, mən düz yeddi dəfə ərə getmişəm, yeddisi də sizin musurmanlar olub.
Almaz xanım da cavabında dedi:
— Asya Akumyan, çətini bir dəfə ərə getməkdir. Söz verirəm ki, bir dəfə getsəm, sizin kimi düz yeddisinə gedəcəyəm…

 

Rəssam müəllim

 

Radionun rus redaksiyasında rusdilli azərbaycanlı bir qız vardı; Azərbaycan dilini o qədər yaxşı bilmirdi. Bir gün ona rəssamlardan biri haqqında veriliş hazırlamaq tapşırılır. O da rusca bir rəssamın telefon nömrəsini istəyir. Nömrəni tapıb kağıza yazırlar və qarşısına “Rəssam filankəs” qeyd edirlər.
Qız elə başa düşür ki, “Rəssam” onun adıdır.
Zəng edib “Rəssam müəllim, sizi jurnalist filankəs narahat edir”, -deyir.
Rəssam isə elə bilir ki, qız onu ələ salır, əsəbiləşib acıqlanır və dəstəyi asır.
Qız heç nə anlamır və əhvalatı bizə danışanda ucadan güldüyümüzü görüb pərt olsa da, sonra biz ona məsələni anladanda, o da bizə qoşulub xeyli güldü…

 

“Faşist biz idik, ya onlar?”

 

Radionun veterani, həmişə pozitiv, əslən naxçıvanlı mərhum Hidayət Səfərli İkinci Dünya müharibəsinin bitməsini özünəməxsus yumorla danışardı.
1945-ci il mayın 9-da məşhur sovet diktoru Levitan müharibənin bitdiyini radioda xəbər verən kimi Naxçıvanda “Böyük meydan” deyilən yerə yığışan kim, bir-birini təbrik edən kim, qucaqlaşıb-öpüşən kim… Aləm dəyir bir-birinə, ağız deyəni qulaq eşitmir.
Bu əsnada bir qoca kişi çəliyini yerə vura-vura:
— Ay bala, ay bala! — deyə camaata müraciət edir.
Amma heç kim onu eşitmir, fikir verən olmur.
Axırda kişi hirslənib deyir:
— Ay camaat, indiyədək mən sizdən heç nə soruşmamışam, heç kimin də işinə qarışmamışam. Amma indi sizdən bir söz soruşuram: deyin görüm, faşist biz idik, yoxsa onlar?..

 

“Günah məndə imiş”

 

Bizimlə bir yerdə çox məşhur bir yazıçının oğlu A. işləyirdi. Çox gözəl insan olsa da, özünəməxsus xarakteri var idi. Baxmayaraq ki, atası o vaxtlar yüksək vəzifə sahibi idi, bunun oğluna heç bir dəxli yox idi; onun yanında heç kim atasının adını belə çəkə bilməzdi. Həmişə deyirdi ki, “Mənə atama görə yox, özümə görə hörmət edin. Atam mənim atamdır, sizin yox.”
Bir xüsusiyyəti də vardı ki, uşaq kimi tez küsən idi; səbəbsiz küsürdü…
Onunla eyni redaksiyada işləyən bir nəfərdən də səbəbsiz küsmüşdü. Adam and içib özünü öldürürdü ki, vallah, bilmirəm məndən niyə küsüb. Nə qədər danışdırıram, danışmır. İşimiz də elədir ki, bir redaksiyada küsülülük mümkün deyil. Ona işlə bağlı söz demək üçün başqa adam axtarıb tapmalı oluram, tapmayanda da çarəsiz qalıram. Bizim işimiz kollektiv işdir, bir-birinə bağlıdır…
Dedim: “İstəyirsən sizi barışdırım?”
Dedi ki, barışmır. Baş redaktor da nə qədər deyib, danlayıb, xeyri olmayıb…
Bu adam dərdini danışıb gedəndən sonra A. gəldi. Ondan proqram işinə aid bir söz soruşdum, dərhal cavab verdi. Dedim, bunu küsülü olduğun adamdan soruşdum. Cavabını bilmədi. Dedi ki, “A. gəlsin, ondan soruşun. Onun savadı ilə mənimki bir deyil. O çox savadlı, intellektlidir, bütün günü kitab oxuyur, evləri kitabla doludur, səviyyəlidir” və s. və ilaxır…
Mən bu sözləri dedikcə, A.-nın üzündəki təbəssümdən hiss olunurdu ki, nə qədər xoşbəxtdir… Bütün bu sözləri eşitsə də, eşitmirmiş kimi davranıb məmnun halda öz otağına getdi.
Onun getməsi ilə daxili telefonun zəng çalması bir oldu:
— Zümrüd, Sən Allah, ona nə demisən?
— Nə oldu?
— Nə olacaq? A. gəldi dedi ki, qardaş, gəl barışaq. Sən mənə fikir vermə, günah məndə olub. Səndən heç nədən umu-küsü saxlamışam. Sən isə mənim sənə qarşı pis münasibətimə baxmayaraq, haqqımda yüksək fikirdə olmusan…

 

“Salamlaşmamaq üçün işə sizdən əvvəl gəlirəm”

 

90-cı illərdə radiomuza xalqını həddən çox sevən, savadlı, maarifçi, uşaqlığı repressiya illərində Qazaxıstanda keçmiş, Tofiq Sultanov adlı bir şəxs gəldi.
Gəldiyi gündən hamımızla “günaydın, günaydın” deyə salamlaşardı. O vaxt bu söz çox nadir hallarda işlədilirdi, bizim üçün tamamilə yeni idi. Öyrəşmədiyimiz üçün alışa bilmirdik…
Tofiq müəllim isə hər dəfə bu sözü təkrar-təkrar deyərək sanki beynimizə yeridirdi. O qədər demişdi ki, hamı onun əsl adını unudub “Günaydın” kimi tanımışdı.
Bir dəfə türk redaksiyasının diktoru otağımıza gəlib:
— Günaydın müəllim hardadır? — deyə soruşdu.
Biz də xorla:
— Direktorun otağına bax, yəqin ordadır, — dedik.
Bir azdan qadın pörtmüş halda geri gəlib dedi:
— Ay balam, bu kişinin adı “Günaydın” deyil bəyəm? İçəri girib “Günaydın müəllim sizsiniz?” deyən kimi kişi necə əsəbiləşdisə… Dedi ki, özün də türk diktorusan, “Günaydın” ad olar bəyəm?..
Bu kəlməyə qani qaynamayan Maya xanım Tofiq müəllimə:
— Ay Tofiq müəllim, o qədər “Günaydın” demisiniz ki, camaatda günah yoxdur, hamı sizi bu adla tanıyır. Hamını da məcbur edirsiniz ki, bu cür salamlaşsın. Şəxsən mən bu cür salamlaşmamaq üçün işə sizdən yarım saat tez gəlirəm…

 

Məmməd Orucun tale bayatıları

 

Radio ilə bağlı insanlardan biri də tanınmış yazıçımız Məmməd Orucdur. Məmməd bəy təkcə istedadlı qələm sahibi deyil, həm də nümunəvi ailə başçısı, sədaqətli dost və alicənab insandır. O, ətrafındakı insanları sevindirməyi sevər, bunu isə həmişə özünəməxsus zərifliklə edərdi.
Qadınlar Günündə, Novruz bayramında, Yeni ildə redaksiyanın xanım əməkdaşları üçün sürprizlər hazırlayardı. Hər kəs üçün ayrıca torba düzəldər, içinə kiçik bir hədiyyə ilə yanaşı, niyyət şeiri və ya bayatı qoyardı.
Sonra püşkatma keçirilərdi: hər kəs qismətinə düşən rəqəmi götürər, həmin rəqəmə uyğun torba da onun olardı. Maraqlısı isə bu idi ki, torbadan çıxan hədiyyə və bayatı doğrudan da həmin insanın il boyu yaşayacaqlarına işarə edərdi.
Məmməd bəyin sürprizlərini qızlar səbirsizliklə gözləyirdilər; görəsən, bu il onun hədiyyə və şeir torbasından taleləri ilə bağlı hansı sürpriz çıxacaq?
Allah Məmməd bəyə və ailəsinə daim sevincli, işıqlı günlər qismət etsin.

 

Əlisa Nicat və məşhur cazmen

 

Bir gün Natiq bərk qəzəbli halda, əlində Moskvada çıxan “Drujba narodov” jurnalı evə gəldi və dedi ki, gör bizim millət haqqında nə yazıblar. Jurnalda yazılmışdı ki, azərbaycanlılar dəniz qulduruna oxşayırlar, özləri də eşşək əti yeyirlər.
Bu yazı Natiqi elə özündən çıxarmışdı ki, bütün günü özünə yer tapmırdı… Jurnal əldən-ələ gəzirdi. Radionun bütün əməkdaşları əsəbiləşmişdilər. Natiqlə birlikdə “Gənclik” redaksiyasında işləyən Əlisa Nicat isə bu məsələyə lap həssaslıqla yanaşmışdı.
Natiq rus mətbuatını izlədiyi üçün tez-tez gəlib ondan soruşurdu:
— Natiq, bax gör, daha nə yazıblar? O biri qəzet-jurnallar buna nə reaksiya veriblər? və s. və i.
Bu məsələnin üstündən bir neçə gün keçmişdi. Bir gün radionun dəhlizində bərk hay-küy qopdu. Əlisa Nicat qaçaraq özünü otağımıza atdı və dedi:
— Amandı, qoymayın, məni bu adamın əlindən alın!
Onun dalınca məşhur cazmen, arxasınca da “Sevil” instrumental ansamblının qızları səs-küylə içəri daxil oldular.
Hiddətlənmiş cazmeni qızlar zorla saxlayırdılar. O, qışqıra-qışqıra:
— Bu dəqiqə onu öldürəcəyəm! — deyirdi.
Məsələni öyrənəndə gülməkdən neçə gün özümüzə gələ bilmədik… Demə, cazmen öz ansamblı ilə çıxışa gəlirmiş. Əlisa da kənd uşağı olduğu üçün onu yaxşı tanımırmış, uzun bığlarını görəndə yadına jurnaldakı yazı düşür. Üstəlik, onun qızlarla rus dilində danışdığını eşidib lap əsəbiləşir, yaxınlaşıb deyir ki, elə yaxşı eləyiblər böyük qardaşların sənin haqqında deyiblər ki, sən dəniz qulduruna oxşayırsan…
Heç nədən xəbəri olmayan, özü də tanımadığı bir adamdan belə söz eşidən cazmen özündən çıxır:
— Hansı qardaşım mənim haqqımda belə deyib?
Əlisa:
— Özün də eşşək əti yeyirsən…
Hələ də heç nə başa düşməyən cazmen bərk qəzəblənir, Əlisanın üstünə hücum çəkib onu döymək istəyir. Əlisa qaçıb redaksiyaya girir, cazmen onun dalınca, qızlar da cazmenin dalınca…
Natiq məşhur musiqiçini zorla sakitləşdirdi. “Böyük qardaşlar” deyəndə Əlisanın rusları nəzərdə tutduğunu, bunun onunla heç bir əlaqəsi olmadığını dedi. Jurnalı gətirib göstərdi və birtəhər onu dilə tutub yola saldı…

 

“Hədiyyələri ixtisar etməyin”

 

Bir dəfə xanım həmkarlarımdan biri Radio Günü münasibətilə Mailə xanıma kiçik hədiyyələr gətirmişdi. Xanım çox utancaq idi; hədiyyələri əvvəlcə bizə göstərib fikrimizi soruşdu.
Biz də o vaxt heç nəyin tapılmadığını nəzərə alaraq, gətirdiyi iki dəsmaldan birini, ya güzgünü, ya da darağı “ixtisar” etdik.
Az sonra Mailə xanım otağımıza gəldi, xanım hədiyyələri təqdim etdi. Mailə xanım təşəkkür edib çıxan kimi daxili telefonumuz zəng çaldı:
— Xahiş edirəm, hədiyyələri ixtisarsız təqdim edəsiniz, – Mailə xanım ərkyana, həm də gülə-gülə dedi.
Hamımız məəttəl qaldıq. “Nə ixtisar? Hardan bildiniz?”
— Bir dəsmaldan hədiyyə olmaz, mütləq ikisi olmalıdır. Güzgüsüz də daraq olmaz. Ona görə zəhmət olmasa, hədiyyələrimi bütövlükdə göndərin. Bir də hədiyyə verəndə səsə qoyub ixtisar etməyin.

 

Kassadan başlayan zarafat

 

Radioya xəbər yayılmışdı ki, bir nəfər kassadan 50 rubl əvəzinə 150 rubl alıb. O vaxt mühasibatlıqda belə bir qayda vardı: il ərzində kimin hesabında artıq pul qalırdısa, ilin sonunda toplanıb sahibinə qaytarılırdı. Bu adamın da hesabında 50 manat artıq çıxmışdı. O da 50 manatın qabağına “1” rəqəmini yazaraq məbləği 150 manata çevirmiş, qol çəkib pulu alıb getmişdi..
Məsələ iclasa çıxarılır. Sədr bərk əsəbiləşir və adamın işdən çıxarılmasına qərar verir. Çıxış edənlər də sədrin əsəbi olduğunu görüb adamı yıxıb-sürüyürlər. Adam nə qədər yalvar-yaxar etsə də, xeyri olmur.
İclasın sonunda Arif Mədətov adlı baməzə rejissor ayağa qalxır və deyir:
— Bu adamı işdən çıxarsanız da azdır!
Sonra üzünü həmin adama tutub əlavə edir:
— Ay balam, özün bilirsən ki, belə iş tutmaq düz deyil, qanundankənardır. Yaxşı, tutursan- tutursan, bu “1” rəqəmini 50-nin qabağına yox, axırına yazardın, olardı 501 manat. Gedərdin bir-iki ay adam kimi dincələrdin də özün üçün…
Bu sözdən sədri gulmək tutur, adam da töhmətlə canını qurtarır…

 

Mənbə: Azərbaycan.media