Azərbaycan.media xəbər verir ki, bu gün Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla geniş tərkibdə görüşü keçirilib. Millət vəkili və iqtisadçı alim Vüqar Bayramov görüşlə bağlı fikirlərini açıqlayıb.
O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan artıq “orta güc” dövlətinə çevrilərək, regional düzəni müəyyənləşdirən əsas ölkələrdəndir və sülh gündəliyinin irəlilədilməsi istiqamətində səylərini inamla davam etdirir:
“Azərbaycan üzərindən Ermənistana yüklərin daşınması ilə bağlı bütün məhdudiyyətlərin aradan qaldırılması və benzin ixracının həyata keçirilməsi dayanıqlı sülhə xidmət edən addımlardır. Hazırda 16 ölkəyə təbii qaz nəql edən Azərbaycan bütövlükdə regionun enerji təhlükəsizliyinə xüsusi dəstək nümayiş etdirir.
Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələrin və kommunikasiyaların yenidən bərpası regionda sülhün möhkəmlənməsinə xidmət edəcək. Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizi isə regionun inkişafı üçün yeni imkanlar yaradacaq.
İlkin qiymətləndirmələr göstərir ki, sülh müqaviləsinin imzalanmasından sonra Azərbaycanla Ermənistan arasında 38 məhsul üzrə qarşılıqlı ticarət mümkün olacaq. Buraya enerji və qeyri-neft-qaz məhsulları daxildir. Həmin məhsullar üzrə ölkələr arasında müqayisəli üstünlüklər mövcuddur. Sülh müqaviləsi imzalanarsa və ticarət əlaqələri bərpa olunarsa, Azərbaycanla Ermənistan arasında illik 300 milyon dollarlıq ticarət dövriyyəsi formalaşa bilər. Təbii ki, bütün bunlar Ermənistanın sülhə nə qədər sadiq qalacağından asılı olacaq. Azərbaycan regionda dayanıqlı sülhdə maraqlı olmaqla yanaşı, hər zaman milli maraqlarını qorumaq gücündədir”, – Vüqar Bayramov vurğulayıb.
