Azərbaycan.media xəbər verir ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərdən, xüsusilə dağlıq və dağətəyi ərazilərdə hərəkətdə olarkən son dərəcə diqqətli olmaları xahiş olunur.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xəbər yayıb. Bildirilib ki, nəqliyyat vasitələrinin qış fəslinə uyğun texniki cəhətdən saz vəziyyətdə olması və ən azı qış şinləri ilə təchiz edilməsi vacibdir.
Agentliyin açıqlamasında vurğulanır ki, əks halda nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yarana bilər ki, bu da digər sürücülərə maneə törədərək yollarda sıxlıq və ləngimələrə səbəb ola bilər. Həmçinin belə hallar Agentliyin qar təmizləyən və yol istismarına cəlb olunan xüsusi texnikasının vaxtında zəruri ərazilərə çatmasına da əngəl yarada bilər.
Sürücülərə tövsiyə olunur ki, hava şəraitini nəzərə alaraq səfərə hazırlıqlı çıxsınlar.
