🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Deputat Elnarə Akimova: “2026-cı ilin ilk müjdəsi ‘Azərbaycan Mədəniyyəti – 2040’ Konsepsiyasıdır”

Azərbaycan.media xəbər verir ki, Milli Məclisin yaz sessiyasının açılışına həsr olunmuş plenar iclasda deputat, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova çıxış edib.

Millət vəkili bildirib ki, ilin ilk əhəmiyyətli hadisəsi Prezident İlham Əliyevin yanvarın 14-də imzaladığı “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasıdır. O, I Türkoloji Qurultayın 100 illiyi və Xaqani Şirvaninin 900 illiyi ilə bağlı imzalanan sərəncamları da mədəniyyət konsepsiyasının yaşarlığına yönəlmiş strateji addımlar kimi qiymətləndirib.

Elnarə Akimova mədəni quruculuğun xalqın tarixi yaddaşında xüsusi yer tutduğunu vurğulayıb:

“Quruculuq düşüncəsi, tikib-yaratmaq əzmi ilə yaşayan heç kəs getmir. Abidələşib tarixdə qalır.”

Deputat qeyd edib ki, hər bir memarlıq nümunəsi xalqın həyatında, ədəbiyyatında, mədəniyyət və fəlsəfəsində yaşayır və abidələr mədəni varlığımızın simvolu kimi tarixi yaddaşımızı yaşadır.

Elnarə Akimova Prezidentin sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin əhəmiyyətinə də diqqət çəkib:

“İndi çoxları bilir ki, mədəniyyət anlayışı şəhər sözü ilə sinonimdir. Şəhər mədəniyyətin özü deməkdir. Bu qərar Azərbaycanda quruculuq işlərinin yeni və daha böyük vüsət alacağından soraq verir.”

Deputat çıxışında 1926-cı ildə keçirilən I Türkoloji Qurultay zamanı Bakının memarlıq simasının xarici qonaqları necə valeh etdiyini də xatırladıb. O bildirib ki, nümayəndələr İsmailiyyə binasında Qurultayda iştirak edib, Şirvanşahlar sarayını ziyarət edib və Opera teatrında “Leyli və Məcnun” tamaşasına baxıblar. Alman türkoloqu Menzel həmin günlərin təəssüratlarını gündəliyində yazaraq, opera teatrının binalarının Şərq üslubunda tikildiyini vurğulayıb. Deputat çıxışında əlavə edib ki, qurultayın 100 illiyini qeyd etmək üçün Bakıya gələnlər artıq modern Alov Qüllələrini görəcəklər, lakin Qara şəhəri yox, Ağ şəhəri izləyəcəklər.

Çıxışının sonunda Elnarə Akimova gənclər mövzusuna toxunaraq qeyd edib ki, onlara ötürülən ən böyük mənəvi miras mədəniyyətlə bağlı gerçəkləşən işlərdir. Deputat vurğulayıb ki, abidələr daxilində milli-əxlaqi dəyərlər və bədii-estetik sərvətlər yaşayır və bütün bu işlər formalaşan gənclərə sağlam gələcək ərmağan etmək məqsədini daşıyır.

Mənbə: Azərbaycan.media