Azərbaycan.media xəbər verir ki, xüsusi icra məmurunun vahid geyim formasının və nişanının, eləcə də xüsusi icra məmurunun köməkçisinin nişanının təsvirləri təsdiq edilib. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.
Qərara əsasən, xüsusi icra məmurunun vahid geyim forması gündəlik istifadə üçün nəzərdə tutulur və yay, qış dəstlərindən ibarətdir. Geyim formaları təbii və keyfiyyətli parçalardan hazırlanmalı, möhkəmlilik və davamlılıq xüsusiyyətlərinə malik olmalı, aşınmaya davamlı, qırışmayan, yuyulduqdan sonra ölçüsünü dəyişməyən, rəngi solmayan, təri yaxşı qəbul edən və sağlamlığa mənfi təsir göstərməyən olmalıdır.
Qış dəstinə beysbolka, istiləşdirilmiş gödəkçə, yaz-payız üçün nəzərdə tutulan qolsuz gödəkçə, uzunqol üçdüymə köynək, şalvar (qadınlar üçün yubka və şalvar) və ayaqqabı daxildir. Yay dəstində isə beysbolka, qısaqol üçdüymə köynək, şalvar (qadınlar üçün yubka və şalvar) və ayaqqabı nəzərdə tutulub.
Nişanlar rezin (qara) və metal (ağımtıl şəffaf) materialların kombinasiyasından hazırlanır, qalxanvarı formada olur. Nişanın uzunluğu 80 mm, eni isə 65 mm təşkil edir. Üzərindəki yazılar lazer üsulu ilə həkk olunur.
Xüsusi icra məmurunun nişanında gümüşü rəngdə “Xüsusi icra məmuru” sözləri, böyük hərflərlə soyadı, adı, atasının adı və reyestr nömrəsi göstərilir. Eyni zamanda, reyestr nömrəsinin həqiqiliyini yoxlamaq üçün QR kod da nişana əlavə edilir.
Xüsusi icra məmurunun və onun köməkçisinin nişanları geyim formasının sol döş hissəsinə bərkidilməlidir. Qeyd olunub ki, bu təsvirlər dövlət icra məmurlarına şamil edilmir.
Qərara əsasən, ayaqqabının geyimə uyğun olması şərtilə seçimi sərbəstdir.
