🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

“Baksol yolu”nda baş verən faciə ilə bağlı məhkəmə prosesi davam edib

Azərbaycan.media xəbər verir ki, bu gün Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə “Baksol yolu” adlanan ərazidə yolun çökməsi nəticəsində kanalizasiyaya düşərək həyatını itirən 28 yaşlı Cümşüd Cümşüdlü ilə bağlı başlanmış cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Proses Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi və təqsirləndirilən şəxs Azər Cümşüdova dövlət ittihamçısı və vəkillər tərəfindən ünvanlanan suallarla davam edib.

Azər Cümşüdov bildirib ki, sözügedən ərazidə mayın 14-də çökmə baş verdikdən sonra operativ idarənin göstərişi ilə sahə rəisi kimi bərpa işlərinə başlayıb:
“Biz həmin ərazidən təxminən 800 metr aralıda iş aparmışıq. Məlumat daxil olduqdan sonra əraziyə baxış keçirdik, lentlə çəpərlədik və şəkillər çəkdik. İyunun 14-nə qədər burada bərpa işləri davam edib. Kosmetik bərpa işlərini biz etməmişik, həmin ərazidə yerləşən obyekt sahibləri tərəfindən aparılıb. Hadisədən 22 gün əvvəl rəhbərlik bizi ərazidən çıxardı və bildirdi ki, artıq bizim işimiz yoxdur. Baş verən ölüm hadisəsinin cavabdehi istismar sahəsidir. Mən orada gözətçilik etməli deyildim. Əgər zərrə qədər günahım varsa, cəzamı onqat çəkməyə hazıram”.

Zərərçəkən şəxs Fəridə Abbasova isə məhkəmədə emosional çıxış edərək bildirib ki, hadisədən sonra məsul şəxslərin davranışı onu daha da sarsıdıb:
“Əgər günahları yoxdursa, niyə dəfn gününün sabahı mənim yanıma gəlmək əvəzinə Novxanıdakı bağ evində yeyib-içiblər? Guya oğluma mərasim verirmişlər, mən isə təkbaşına məzarı başında ağlayırdım. Bu işi ictimailəşdirdiyimə görə hədə-qorxu gəlirlər. Mən oğlumun bir damla qanının da hesabını soruşacağam”.

Məhkəmənin növbəti iclası fevralın 17-si saat 10:00-a təyin olunub.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, iyunun 26-da saat 20:30 radələrində 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb.

Aparılan axtarışlar nəticəsində mərhumun meyiti iyunun 28-də saat 15:35-də Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında aşkar edilib. Araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanal Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə məxsus Bakı Su Kanal İdarəsinin balansındadır.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci maddəsi (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) ilə cinayət işi başlanıb. Təqsirləndirilən Azər Cümşüdov barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.