Azərbaycan.media xəbər verir ki, öskürək və sinə ağrısı ağciyər xərçəngində hər zaman ilkin mərhələlərdə özünü göstərmir. Bu barədə onkoloq Ceyms Uilson “Daily Mail” qəzetinə açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, ağciyər toxumasında demək olar ki, sinir lifləri yoxdur. Məhz bu səbəbdən xərçəng sinirlərə və ya digər orqanlara yayılana qədər uzun müddət hiss olunmadan inkişaf edə bilər. Uilson qeyd edib ki, ağciyəri əhatə edən plevra qatında sinir şəbəkəsi mövcuddur və şiş həmin qata çatdıqda və ya orqanın kənar hissəsində yerləşdikdə ağrı yaranmağa başlayır.
Onkoloqun sözlərinə görə, ağciyər xərçəngi bəzi hallarda sinə ağrısı deyil, çiyin nahiyəsində ağrı ilə özünü göstərə bilər. Bu, adətən şiş diafraqmanı qıcıqlandırdıqda baş verir. Həkim izah edib ki, diafraqmaya gedən sinirlər boyun nahiyəsindən başlayaraq çiyindən keçdiyi üçün beyin ağrının mənbəyini dəqiq müəyyən edə bilmir.
Uilson əlavə edib ki, xərçəngin limfa düyünlərinə yayılması da çiyin ağrısına səbəb ola bilər. Bununla belə, o vurğulayıb ki, ağrılar adətən xəstəliyin daha sonrakı mərhələlərində ortaya çıxır və bu da erkən diaqnostikanın əhəmiyyətini bir daha göstərir.
