Azərbaycan.media xəbər verir ki, qaynadılmış suyun sağlamlıq üçün risklər yarada biləcəyi iddia olunur. “Abzats” nəşrinə istinadən yayılan məlumata görə, bu barədə ekspert Denis Prokofyev açıqlama verib.
Onun sözlərinə görə, qaynar su mikroblara və bakteriyalara qarşı effektiv sterilizasiya üsulu sayılsa da, suyun dəfələrlə qaynadılması ağır metalların və duzların konsentrasiyasını artırır, həmçinin çöküntü və pulcuqların yaranmasına səbəb olur. Ekspert xüsusilə şəhər şəraitində istifadə olunan sularla bağlı risklərə diqqət çəkərək, xlorun təsiri nəticəsində kanserogen maddələrin yaranma ehtimalının artdığını bildirib.
Prokofyev qeyd edib ki, müntəzəm olaraq təkrar qaynadılmış suyun, eləcə də tərkibində çoxlu əhəng daşı olan çaydanlardan istifadə böyrəklərə mənfi təsir göstərə və böyrək zədələnməsinə yol aça bilər. Onun fikrincə, bu vəziyyət mümkün metabolik pozğunluqlar riskini də artırır.
Mənbənin məlumatına görə, qaynadılmış su tərkibindəki oksigeni və bəzi faydalı mineralları demək olar ki, tam itirir və uzun müddət çaydanda və ya qrafində saxlanıldıqda bakteriyaların çoxalması üçün əlverişli mühit yarada bilər. Bu isə suyun keyfiyyətini daha da aşağı salır.
