🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Milli Məclis Naxçıvan Konstitusiyasına dəyişiklikləri ikinci səsvermədə təsdiqlədi

Azərbaycan.media xəbər verir ki, Milli Məclis Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına Ali Məclisin və Naxçıvan Nazirlər Kabinetinin səlahiyyətləri ilə bağlı yeni maddələrin əlavə edilməsini ikinci səsvermədə təsdiqləyib.

Publika.az-ın məlumatına görə, bununla bağlı “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında yenidən müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına iki yeni maddə (3-1 və 28-1-ci maddələr) əlavə olunur, bir maddə (5-ci maddə) çıxarılır, həmçinin bir sıra maddələrdə və Preambula hissəsində dəyişikliklər edilir. Dəyişikliklər çərçivəsində Azərbaycan Konstitusiyasının 134-cü maddəsinin III hissəsində yer alan Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olması ilə bağlı müddəa Naxçıvan Konstitusiyasının Preambulasında da əksini tapacaq.

Konstitusiyaya əlavə edilməsi nəzərdə tutulan 3-1-ci maddəyə əsasən, “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi” yaradılır. Bu qurum Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Prezidentinin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanı olacaq və ona Azərbaycan Prezidenti tərəfindən təyin və vəzifədən azad edilən, birbaşa Prezidentə tabe olan səlahiyyətli nümayəndə rəhbərlik edəcək.

Layihədə nəzərdə tutulan digər yeni maddə — 28-1-ci maddə “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin buraxılması” ilə bağlıdır. Bu maddəyə görə, Ali Məclis 31 deputatın tələbi ilə və ya Konstitusiyada nəzərdə tutulan vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra edə bilmədikdə Azərbaycan Prezidenti tərəfindən buraxıla biləcək.

Dəyişikliklərə əsasən, “Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi” ilə bağlı 5-ci maddə Konstitusiyadan çıxarılır. Bundan əlavə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər Ali Məclis sədrinin təklifləri əsasında Azərbaycan Prezidenti tərəfindən təyin ediləcək.

Layihədə Azərbaycan Prezidenti və ya Milli Məclisin təklifi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qapalı iclasının keçirilməsi imkanı da nəzərdə tutulur. Həmçinin Ali Məclisə seçkilər və deputatların statusu ilə bağlı qanunların 31 səs çoxluğu, digər məsələlər üzrə qanunların isə 23 səs çoxluğu ilə qəbul edilməsi təklif olunur.

Dəyişikliklərə görə, Ali Məclisin sədri seçilmək üçün Naxçıvan Muxtar Respublikasında azı beş il daimi yaşamaq tələbi ləğv edilir. Yerli icra hakimiyyətləri başçılarının isə Ali Məclis sədrinin təqdimatı əsasında Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin edilməsi nəzərdə tutulur.

Konstitusiya Qanunu layihəsinə əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Ali Məclisə tabe olmayacaq və fəaliyyət qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla müəyyən edəcək. Eyni zamanda, Ali Məclis sədrinin aktları “qərar” deyil, “sərəncam” adlandırılacaq.

Layihədə həmçinin Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişiklik və əlavələrin Konstitusiya qanunları ilə deyil, adi qanunlarla qəbul edilməsi və Azərbaycan Konstitusiyasına uyğunlaşdırma, dəqiqləşdirmə və texniki xarakterli bir sıra dəyişikliklər də nəzərdə tutulub.

Müzakirələrdən sonra Konstitusiya qanununun layihəsi səsə qoyularaq ikinci səsvermədə qəbul edilib. Qeyd edək ki, qanunvericiliyə əsasən, Konstitusiya qanunu layihələri Milli Məclisdə üç oxunuşdan keçir və üçüncü oxunuşda qəbul edildikdən 6 ay sonra yenidən səsverməyə çıxarılır.