Azərbaycan.media xəbər verir ki, Qərbin sanksiyaları Moskvanı qlobal təchizat zəncirlərindən kənarda qoyduqdan sonra Rusiya kritik xarici texnologiyalardan asılılığını azaltmaqda ciddi çətinliklərlə üzləşir.
Bu barədə “Faynənşl Tayms” nəşri yazıb. Bildirilib ki, Rusiya maşınqayırma, dron istehsalı və enerji sektoru da daxil olmaqla, müdafiə sənayesi üçün strateji əhəmiyyət daşıyan sahələrdə idxaldan kritik dərəcədə asılı olaraq qalır.
Nəşr qeyd edir ki, qeyri-enerji ixracının genişləndirilməsi, hasilatın artırılması və xaricdə təchizat zəncirlərinin dəstəklənməsi üçün zəruri olan infrastrukturun qurulması istiqamətində səylər faktiki olaraq dayanıb. Rusiya İqtisadiyyat Nazirliyinin hesabatında ölkə iqtisadiyyatının transformasiyasının qaçılmaz olduğu vurğulanır və 2030-cu ilə qədər xarici təchizatçılardan texnoloji müstəqilliyin sürətlə əldə ediləcəyi proqnozlaşdırılır.
Lakin sənədlə tanış olan ekspertlər bu proqnozları həddindən artıq optimist hesab edirlər. Qeyd olunur ki, sanksiyalar Rusiyanı Qərbdən əldə edə bilmədiyi komponentləri əvəzləmək üçün Çinə yönəlməyə məcbur edir. Kiyev İqtisadiyyat Məktəbinin araşdırmasına əsasən, 2023-cü ildə Rusiyaya idxal edilən mikroelektronikanın 90 faizi Çin tərəfindən təmin olunub.
Sənəddə, həmçinin 2030-cu ilə qədər Rusiyanın dövlət və özəl sektorunun tədqiqat və inkişafa birgə xərclərinin iki dəfədən çox artırılaraq ÜDM-in 2 faizinə çatdırılmasının planlaşdırıldığı bildirilir.
Finlandiyalı iqtisadçı Heli Simolanın fikrincə, Rusiyanın idxaldan yüksək asılılığı nəzərə alındıqda, bu hədəflər real görünmür. Hesabatda əlavə olaraq qeyd edilir ki, 2030-cu ilə qədər əsas sektorlardakı şirkətlərin 80 faizinin Rusiya proqram təminatından istifadə edəcəyi proqnozlaşdırılır ki, bu da 2024-cü illə müqayisədə 46 faizdən çox artım deməkdir.
Tədqiqatçı Aleksandr Prokopenko isə vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin üçün 2030-cu il hədəfləri real strateji plandan daha çox fantaziyanı xatırladır.
