Azərbaycan.media xəbər verir ki, Azərbaycan Bosniya və Herseqovina vətəndaşları üçün vizasız rejimin tətbiqinə başlamağı təklif edib.
Bu barədə Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev “Sarajevo Times” nəşrinə müsahibəsində bildirib.
Səfir vurğulayıb ki, Azərbaycan əməkdaşlıq, qarşılıqlı hörmət və sülh şəraitində inkişafın tərəfdarıdır və Bosniya və Herseqovinanı dost və mühüm tərəfdaş kimi görür. O qeyd edib ki, vizasız rejimin tətbiqi səyahət, turizm və sosial mübadilələri əhəmiyyətli dərəcədə asanlaşdıracaq, həmçinin xalqların yaxınlaşmasına və faydalı nəticələr yaradılmasına xidmət edəcək.
Vilayət Quliyev həmçinin yüksək səviyyəli səfərlərin artırılması, müntəzəm siyasi məsləhətləşmələrin keçirilməsi və iqtisadi tərəfdaşlıq üzrə birgə komissiyanın yaradılması kimi addımlar vasitəsilə ikitərəfli münasibətlərin dərinləşdirilməsinə hazır olduqlarını bildirib.
Səfir əlavə edib ki, Bosniya və Herseqovinanın Azərbaycandakı səfiri iki il əvvəl təyin olunmasına baxmayaraq, ölkənin diplomatik nümayəndəliyi hələ Bakıda açılmayıb. O ümid edir ki, səfirliyin yaxın zamanda açılması ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək.
