Azərbaycan.media xəbər verir ki, Gürcüstan ABŞ-ın regionda fəal iştirakını müsbət qiymətləndirir.
Yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüş zamanı bildirib.
Görüşdə Gürcüstan–ABŞ münasibətlərinin mövcud vəziyyəti və regionda baş verən proseslər müzakirə olunub. Tərəflər bölgədə sülhün və sabit inkişafın vacibliyini vurğulayıb, həmçinin Gürcüstanda gedən daxili prosesləri nəzərdən keçiriblər.
Müzakirələr zamanı Gürcüstanın regional birləşdirici bənd kimi rolu xüsusi diqqət mərkəzində olub. Bu kontekstdə Orta Dəhlizin (Middle Corridor) potensialı və regional əməkdaşlığa töhfəsi ətrafında fikir mübadiləsi aparılıb.
ABŞ nümayəndə heyətinin üzvləri Gürcüstanın qlobal və regional siyasət, eləcə də təhlükəsizlik məsələlərində mühüm rol oynadığını qeyd ediblər.
Xarici işlər naziri Maka Boçorişvili isə Gürcüstan tərəfinin ABŞ ilə münasibətlərin yenidən başlanmasına və strateji tərəfdaşlığın bərpasına hazır olduğunu bir daha təsdiqləyib.
