Azərbaycan.media xəbər verir ki, Atatürk evləndiyi zaman 42 yaşında idi, həyat yoldaşı Latifə xanım isə 28–30 yaşlarında gənc, müasir düşüncəli və zəkalı bir qadın idi. Latifə xanım İzmirdən Avropaya gedərək təhsil almış, fortepianoda ustalıqla ifa edirdi və geniş dost çevrəsi ilə tanınırdı. Onun arzusunda səmimi və evə bağlı bir həyat qurmaq vardı.
Ancaq Atatürklə evlənəndən sonra Latifə xanım Ankarada tənha qaldı. Yeni şəhərdə onun yaxın dostları və sirdaşları yox idi. Həmin dövrün Ankarası həm cəmiyyət, həm də sosial həyat baxımından dar və sərt idi — gediləsi yerlər az, görüşüləsi insanlar məhdud idi. Latifə xanımın tanıdığı yeganə insan Atatürk idi.

Atatürk isə o dövrdə böyük bir gərginliklə çalışırdı. Onun iş rejimi sərt və dəyişkən idi; nə gecəsi, nə gündüzü, nə yemək, nə də yuxu saatları müəyyən idi. Bəzən səhərə qədər masa arxasında dostları ilə işləyirdi. Latifə xanım Atatürkü həm dostlarından, həm də ona yönəlmiş diqqətdən qısqanırdı.
Xüsusilə o dövrdə bir çox xarici jurnalist və sənətkar Atatürk ilə görüşmək, müsahibə aparmaq və şəkil çəkdirmək üçün Ankaraya gəlirdi. Bəziləri onun qoluna girərək şəkil çəkdirir, bəziləri isə portret və büstünü hazırlamaq üçün yaxınlaşırdı. Bu hallar Latifə xanımı narahat edir və zaman-zaman incidir.
Atatürk həyat yoldaşına anlayış göstərməyə çalışır, ona nəsihətlər verirdi, lakin bu kifayət etmirdi. Bu zaman o, yaxın dostu və Məclisin ikinci sədr müavini Abdülhalim Çələbi Əfəndidən kömək istədi. Abdülhalim Əfəndi və ailəsi Çankayada Atatürkün yaxınlığında yaşayırdılar və onun xanımı Latifə xanımla dostluq edirdi.
Atatürk xahiş etdi ki, Abdülhalim Əfəndi və xanımı Latifə xanımı ziyarət edib ona bir az nəsihət versin, işlərinin ağırlığını və onun gərgin gündəmini izah etsin. Bir neçə gün sonra ziyarət baş tutdu və onlar uzun söhbət apararaq Latifə xanıma Atatürkün məsuliyyətlərini izah etdilər:
“Xanım, siz böyük Atatürkü istədiyiniz kimi yönləndirə bilməzsiniz. O bir aslandır. Unutmayın ki, siz bir aslanla evlisiniz. Aslana cilov vurmaq olarmı? Aslan cilov götürməz.”
Latifə xanıma Atatürkün sərhədsiz çalışma enerjisi və həyatın hər sahəsinə təsir edən fəaliyyətləri izah edildi, lakin bunlar evlilikdə yaranan boşluqları və anlaşılmazlıqları tam aradan qaldıra bilmədi.
Nəticədə, 29 yanvar 1923-cü ildə başlayan bu evlilik təxminən iki yarım il davam etdi və 5 avqust 1925-ci ildə sona çatdı. Evliliyin bitməsinin konkret bir səbəbi olmasa da, əsas amil qarşılıqlı gözləntilərin və həyat tərzi baxışlarının uyğun gəlməməsi idi. Bu qısa, lakin diqqətəlayiq evlilik, həm Atatürkün şəxsi həyatına, həm də Latifə xanımın həyatına dərin izlər buraxdı.
Müəllif: Günel Natiq
Mənbə: Azərbaycan.media
