Azərbaycan.media xəbər verir ki, Bakı metrosunda xətlərin ayrılması layihəsi çərçivəsində “Dərnəgül” elektrik deposunun tikintisi mərhələli şəkildə davam edir.
“Bakı Metropoliteni” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, birinci mərhələ xətlərin ayrılması üçün minimum infrastrukturun qurulmasını əhatə edir. Hazırda 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) depo ərazisindən keçəcək yeraltı avtomobil tunelinin inşası və Abay Kunanbayev küçəsini “Çinarlı” yaşayış kompleksi ilə birləşdirən piyada tunelinin yenidən qurulması işlərini həyata keçirir. Tunellərin açıq üsulla tikilməsi deponun icra qrafikində dəyişikliklərə səbəb olub.
AAYDA tərəfindən işlər başa çatdıqdan sonra, deponun inşa edilən hissələrində dəmir yolu və digər infrastruktur elementlərinin əlaqələndirilməsi qısa müddətdə həyata keçiriləcək.
Qeyd olunur ki, Bakı metrosunun inkişafında mühüm dönüş nöqtələrindən biri hesab olunan Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsi artıq real icra mərhələsinə keçib. Layihə təkcə xətlərin fiziki ayrılmasını deyil, eyni zamanda 6 əsas komponentdən ibarət kompleks yanaşmanı da əhatə edir.
