Azərbaycan.media xəbər verir ki, Bakının Suraxanı rayonunda həyat yoldaşını amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Natiq Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrlik etdiyi iclasda Natiq Məhərrəmov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Natiq Məhərrəmov həyat yoldaşının ona xəyanət etdiyindən şübhələnib və onu Suraxanı rayonundakı parka apararaq evdən götürdüyü mətbəx bıçağı ilə 9 zərbə vurub qətlə yetirib. Hadisə ötən ilin aprel ayında Qaraçuxur qəsəbəsində baş verib. 39 yaşlı Sevinc Məhərrəmova həyat yoldaşı, 35 yaşlı Natiq Məhərrəmov tərəfindən qətlə yetirilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi açılıb. Natiq Məhərrəmov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 221.3-cü (silah və ya silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham olunub.
