Azərbaycan.media xəbər verir ki, görkəmli yazıçı Əkrəm Əylisli Musavat.com-a müsahibəsində səhhətindəki problemlərdən danışıb və insanların narahat olmasından dolayı görüşlərə çıxmadığını bildirib.
“Çünki insanlar narahat olurlar. Səhhətimdə problemlər var. Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram. Heç kəslə də bu səbəbdən görüşmürəm”, – deyə yazıçı bildirib.
Əylisli həmçinin evə insan dəvət etmək istəmədiyini, lakin zəng edən dostlarının olduğunu qeyd edib: “Düzü, evə dəvət etmək istəmirəm, çünki ev tək sənin deyil, orada yaşayanların hər birinindir. Onların həyatını narahat etmək olmaz. Amma zəng edən dostlar var. Onlar daha çox gənclərdir və daim itirib-axtarırlar”.
Yazıçı Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla münasibətlərindən də danışaraq qeyd edib: “Yazıçılar Birliyində keçmişdə dostlarım var idi, elə Anarın özü olsun. Mənim onlarla artıq heç bir ünsiyyətim mümkün deyil. Sanki başqa qitələrdə yaşayırıq. Onunla görüşümün heç bir əhəmiyyəti yoxdur. Hərə öz qayğıları ilə məşğuldur, düşüncə tərzlərimiz isə ümumiyyətlə, bir-birinə yaxın deyil”.
