Azərbaycan.media xəbər verir ki, yanvarın 26-da İmişli şəhəri ərazisində yerləşən evlərdən birində baş verən yanğın hadisəsi zamanı evdə naməlum kişi meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun APA-nın sorğusuna cavab olaraq verdiyi məlumata görə, ilkin yoxlama zamanı meyitin 1957-ci il təvəllüdlü Sədrəddin Fərəcova məxsus olduğu müəyyən edilib. Onun bədəni üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərin olduğu aşkar olunub.
Keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 1979-cu il təvəllüdlü Elnarə Cəfərovanın Sədrəddin Fərəcovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Elnarə Cəfərova şübhəli şəxs qismində saxlanılıb. Hazırda istintaq davam edir.
Qeyd edək ki, hadisə Sürahi Quliyevaya məxsus 3 otaqlı evdə baş verib. Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Yanğın yerinin kəşfiyyatı zamanı aşkar edilən meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon mərkəzinə yerləşdirilib. Məlum olub ki, mərhum həmin evdə kirayədə yaşayan, Qaradonlu kənd sakini, 1957-ci il təvəllüdlü Sədrəddin Qüdrət oğlu Fərəcovdur.
İlkin ehtimallara görə, şəxs əvvəlcə qətlə yetirilib, daha sonra isə cinayətin izlərini itirmək məqsədilə ev yandırılıb.
