🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycanda elektron siqaretlərin dövriyyəsi və istifadəsi tam qadağan edildi

Azərbaycanda elektron siqaretlərin dövriyyəsi və istifadəsi tam qadağan edildi

Azərbaycan.media xəbər verir ki, Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, eləcə də istifadəsi rəsmi şəkildə qadağan edilib. Bununla bağlı müvafiq dəyişiklikləri Prezident İlham Əliyev “Tütün və tütün məmulatı haqqında” qanuna təsdiqləyib.

Qanun dəyişikliyinə əsasən, nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilib. Elektron siqaret – nikotin tərkibli və ya nikotinsiz buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulan, kartric, flakon, müştük və digər komponentləri olan və ya olmayan cihaz kimi hüquqi şəkildə müəyyənləşdirilib. Bu məhsulların birdəfəlik və ya təkrar doldurulan formada istifadəsi mümkündür.

Qanunda həmçinin qızdırılan tütün məmulatı anlayışı ayrıca təsbit edilib və onların elektron siqaret hesab edilmədiyi qeyd olunub. Qızdırılan tütün məmulatı – alışdırılmadan, tüstü əmələ gəlmədən qızdırılma yolu ilə yaranan nikotin tərkibli aerozolun tənəffüs edilməsi üçün nəzərdə tutulmuş məhsul kimi müəyyən edilib.

Rəsmi açıqlamada bildirilib ki, anlayışların dəqiqləşdirilməsi tütün məmulatlarının, elektron siqaretlərin və qızdırılan tütün məhsullarının hüquqi baxımdan daha dəqiq təsnifləşdirilməsinə və fərqləndirilməsinə imkan yaradacaq.

Eyni zamanda uyğunlaşdırma çərçivəsində Vergi Məcəlləsinə“Reklam haqqında” qanuna da dəyişikliklər edilib. Dəyişikliklərə “birdəfəlik istifadə üçün elektron siqaret” və “elektron siqaretlər üçün maye”nin aksizli mallar siyahısından çıxarılması, vergi dərəcələrinin ləğvi və reklamla bağlı qadağaların yeni anlayışlara uyğunlaşdırılması daxildir.

Qeyd edilib ki, qanun 2026-cı il aprelin 1-dən qüvvəyə minəcək.