Azərbaycan.media xəbər verir ki, Mədəniyyət Nazirliyi dövlət teatrlarının idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində bir sıra qərarlar qəbul edib.
“Teatr və teatr fəaliyyəti haqqında” qanunun tələblərinə uyğun olaraq, dövlət teatrlarının əsasnamələri, struktur və ştat cədvəlləri yenidən işlənərək təsdiqlənib.
Qəbul edilən dəyişikliklər ötən ildən başlayaraq teatr rəhbərlərinin, sahə üzrə ekspert və mütəxəssislərin, eləcə də aidiyyəti komissiyaların iştirakı ilə müzakirə olunub.
Yeni təsdiq edilmiş əsasnamələr teatrların fəaliyyətinin sistemləşdirilməsinə, idarəetmənin səmərəliliyinin artırılmasına və funksional vəzifələrin daha aydın müəyyənləşdirilməsinə xidmət edir. Qərarlar həmçinin teatr müəssisələrinin dayanıqlı inkişafını, yaradıcı və inzibati fəaliyyətin keyfiyyətinin yüksəldilməsini, idarəetmə proseslərində isə şəffaflıq və ardıcıllığın gücləndirilməsini nəzərdə tutur.
Bundan əlavə, “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında teatr sənətinin inkişafı ilə bağlı mühüm strateji hədəflər müəyyən edilib. Bu çərçivədə teatr sahəsində hüquqi bazanın mərhələli təkmilləşdirilməsi, o cümlədən teatr haqqında qanunvericiliyin yenilənməsi perspektivi, Azərbaycan teatrının gələcək inkişafı və beynəlxalq mədəni mühitdə mövqeyinin gücləndirilməsinə xidmət edəcək.
