Azərbaycan.media xəbər verir ki, İsmayıllı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179-cu maddəsi (Mənimsəmə və ya israf etmə) üzrə istintaq aparılan S.Səmədovun övladları Roman və Ruslan Səmədovun işi ilə bağlı yeni fakt üzə çıxıb.
Məlumata görə, istintaq dövründə S.Səmədovun övladları Şəki rayon Psixiatriya Xəstəxanasına yerləşdirilib. Bu zaman Quşencə kənd orta məktəbində sosial-pedaqoq vəzifəsində işləyən A.İ. Səmədova övladlarının anlaqsız olduqları barədə rəy ala biləcəyini və bununla da onların məsuliyyətdən azad ediləcəyini bildirib. Lakin A.İ. bu vədin müqabilində 20 700 manat pul tələb edib.
S.Səmədov qarşı tərəfə pulu hissə-hissə verib, lakin A.İ. vədi yerinə yetirməyib. Bununla əlaqədar hüquq-mühafizə orqanlarına müraciət olunub. A.İ. saxlanılıb və Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi (Dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham edilib. Həmçinin barəsində polis nəzarətinə alma qətimkan tədbiri seçilib.
İsmayıllı Rayon Məhkəməsində hakim İlqar Hüseynovun sədrliyi ilə keçirilən proses zamanı A.İ. ittiham üzrə özünü qismən təqsirli bilib.
Məhkəmənin hökmü ilə ona 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Saxlanıldığı 2 günlük müddət cəzanın hesablanmasında nəzərə alınaraq, təqsirləndirilən şəxsə qəti olaraq 2 il 5 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
