Azərbaycan.media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2022-ci ildə Ukrayna qoşunlarının Mariupoldan təxliyəsi əməliyyatında şəxsən iştirak edib. Bu barədə ukraynalı zabit Sergey Volınski “Ukrainska Pravda” qəzetinə müsahibəsində bildirib.
Zabit qeyd edib ki, çətin və dramatik missiyanı vasitəçi kimi öz üzərinə götürən məhz Ərdoğan olub:
“Mənim üçün xüsusi olaraq etdiklərinə və ümumiyyətlə, bu yolu qəbul edib orada iştirak etdiyinə görə Türkiyə prezidentinə çox minnətdaram”, – deyə Volınski vurğulayıb.
Məlumata görə, xilasetmə prosesi 2022-ci ilin yazında, Ukrayna Prezidenti Vladimir Zelenski və Ərdoğan arasında aparılan danışıqlardan sonra başlanıb. Türkiyə Mariupolda dağıdılmış şəhərdən mülki şəxslərin təxliyəsinə kömək etmək üçün bu əməliyyata qoşulub. Ukrayna Prezidenti Azovstal zavodunda qalan hərbçilərin xilas olunması üçün İstanbula müraciət etmişdi.
