Azərbaycan.media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhərinin Xətai rayonu, M.Rüstəmov küçəsində yerləşən avtomobil təmiri sexində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumat əsasında dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bir-birinə bitişik tikilmiş 12 boksdan ibarət avtomobil təmiri sexində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin çevik və peşəkar müdaxiləsi nəticəsində alovun genişlənməsinə, o cümlədən digər bokslara və ərazidə yerləşən mebel sexinə keçməsinə imkan verilmədən yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 5 kvadratmetr olan gözətçi köşkü və sexin ərazisində təmirə dayanmış “VAZ-2107” markalı minik avtomobilinin yanar konstruksiyaları yanıb.
Avtomobil təmiri sexi, bitişik yerləşən mebel sexi və ərazidə park edilmiş digər avtomobillər yanğından mühafizə olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
