Azərbaycan.media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Səudiyyə Ərəbistanına rəsmi səfər edəcək. Xarici KİV-in məlumatına görə, səfər çərçivəsində iki ölkə arasında müxtəlif hərbi və iqtisadi sahələri əhatə edən mühüm anlaşmaların imzalanması gözlənilir.
Siyasi ekspertlər bildirirlər ki, Ərdoğanın Səudiyyə Ərəbistanına planlaşdırılan bu səfəri regional diplomatiyada artan gərginlik fonunda xüsusi diqqət çəkir və Yaxın Şərqdə güc balansına təsir göstərə biləcək addım kimi qiymətləndirilir.
Qeyd edək ki, son dövrlərdə Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirlikləri arasında fikir ayrılıqları daha da dərinləşib. Uzun müddət eyni regional düşərgədə yer alan bu iki Körfəz ölkəsi artıq bir sıra münaqişə zonalarında fərqli strategiyalarla hərəkət edir.
Ərdoğanın gözlənilən səfəri isə Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında ortaq maraqlar üzərində formalaşan yeni əməkdaşlıq və koordinasiya imkanlarını gündəmə gətirən mühüm diplomatik addım kimi dəyərləndirilir.
