🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Emosional dəstək və ailə mühiti bədən çəkisinə təsir edir – yeni elmi araşdırma

Azərbaycan.media xəbər verir ki, UCLA Health ekspertlərinin apardıqları araşdırma “Gut Microbes” jurnalında dərc olunub. Tədqiqatın nəticələrinə əsasən, emosional dəstək və ailədəki sağlam psixoloji mühit bir sıra bioloji proseslərə, o cümlədən bədən kütləsinə birbaşa təsir göstərir.

Araşdırmaya Los-Ancelesdə yaşayan 100-dən çox şəxs cəlb olunub. İştirakçıların bədən kütləsi indeksi (BKİ), sosial-iqtisadi vəziyyəti, qidalanma vərdişləri və ailə daxilində aldıqları emosional dəstək səviyyəsi elmi meyarlar əsasında qiymətləndirilib.

Nəticələr göstərib ki, yüksək emosional dəstək alan evli şəxslərdə bədən kütləsi indeksi daha aşağı olur və qida asılılığına meyl zəif müşahidə edilir. MRT müayinələri zamanı müəyyən edilib ki, bu şəxslərdə yemək gördükdə beyin qabığında iştahanın tənzimlənməsi və impulsların idarə olunmasına cavabdeh sahələr aktivləşir. Tənhalarda isə bu cür neyrobioloji aktivlik qeydə alınmayıb.

Araşdırma həmçinin ortaya qoyub ki, evli iştirakçılarda “sevgi hormonu” kimi tanınan oksitosinin səviyyəsi daha yüksəkdir. Mütəxəssislərin fikrincə, məhz oksitosin zərərli qidalara meyli azaldır, eyni zamanda bağırsaqlarda maddələr mübadiləsini (metabolizmi) gücləndirərək sağlam çəkinin qorunmasına töhfə verir.