Azərbaycan.media xəbər verir ki, Suriya hökuməti ilə Suriya Demokratik Qüvvələri arasında atəşkəs müddətinin uzadılmasından sonra Suriya ordusu Raqqa, Haseke və Hələb xətti boyunca iki humanitar yardım dəhlizi açıb. Dəhlizlərin yaradılmasında əsas məqsəd mülki əhalinin təhlükəsiz şəkildə təxliyəsini təmin etmək və bölgəyə humanitar yardımın fasiləsiz çatdırılmasını asanlaşdırmaqdır.
Məlumata görə, bu çərçivədə Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) və Türk Qızıl Ayparasının dəstəyi ilə hazırlanmış ümumilikdə 11 yük avtomobili bölgəyə göndərilib. Yük avtomobillərinin 5-i 50 ton un, 1-i yorğan, digər 5-i isə uşaq bezi və qida məhsulları ilə yüklənib. Yardımlar Suriya hökuməti və Hələb Yardım Koordinasiya Mərkəzi ilə əməkdaşlıq çərçivəsində çatdırılıb.
Qeyd edək ki, Suriyanın Müdafiə Nazirliyi atəşkəs rejiminin 24 yanvar 2026-cı il tarixindən, saat 23:00-dan etibarən 15 gün müddətinə uzadıldığını rəsmi şəkildə açıqlayıb. Bu qərarın bölgədə humanitar vəziyyətin yaxşılaşdırılmasına və mülki əhalinin təhlükəsizliyinin təmin olunmasına töhfə verəcəyi bildirilir.
