🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Yazıçı Günel Natiqin Xalq artisti Eldost Bayrama ürəkdən ad günü təbriki

Azərbaycan.media xəbər verir ki, yazıçı Günel Natiq Xalq artisti, görkəmli qiraətçi və diktor Eldost Bayramın ad günü münasibətilə duyğulu və mənalı təbrik mətnini ictimaiyyətlə bölüşüb.
Təbrikdə Eldost Bayramın sənətdəki mövqeyi, insani keyfiyyətləri və peşəkarlığı xüsusi vurğulanır. Günel Natiq onu “canlı korifey” adlandıraraq bildirir ki, Eldost Bayram həm sənətkar, həm də insan kimi əvəzsiz şəxsiyyətdir:
“Eldost Bayram canlı korifeydir. Fəxr edirəm ki, onunla birlikdə çalışmışıq, mətnləri birgə oxumuşuq. Eldost müəllim həm sənətkar, həm də insan kimi əvəzsizdir. Onun üçün yalnız söz var, yaradıcılıq var, sənət var. Digər xırda məqamların onun dünyasında heç bir anlamı yoxdur.”
Yazıçı həmçinin yadda qalan bir xatirəni bölüşərək Eldost Bayramın sənətə olan yüksək hörmətini və məsuliyyətini xüsusi qeyd edir:
“Bir dəfə Eldost müəllimi studiyada gözləyirdim. Deyilən vaxtda gəlmədiyini görəndə təəccübləndim, çünki o, adətən vaxtından əvvəl gəlir. Sonradan məlum oldu ki, diktor otağında halı pisləşib və təcili tibbi yardım çağırılıb. Çox dilxor oldum, düşündüm ki, mətn oxunmayacaq.
Elə bu anda şüşənin arxasında Eldost müəllimi görəndə sevincimdən nə edəcəyimi bilmədim. Məlum oldu ki, tibbi müdaxilədən sonra dincəlmək və səhhətini düşünmək əvəzinə dərhal studiyaya gəlib. Sənətə hörmət budur!”
Təbrikin sonunda Günel Natiq Xalq artistinə səmimi arzularını çatdırır:
“Yeni yaşı münasibətilə Eldost müəllimi ürəkdən təbrik edir, ona hər zaman sənətlə birgə nəfəs almağı, sağlamlıq, uzun ömür və yaradıcılıq enerjisinin heç vaxt tükənməməsini arzulayıram.”
Bu təbrik Eldost Bayramın Azərbaycan mədəniyyətindəki yerini, sənətə sədaqətini və peşəkar ömrünün dəyərini bir daha təsdiqləyən mənəvi dəyəri yüksək bir yazı kimi dəyərləndirilir.

 

 

Mənbə: Azərbaycan.media