Türkiyədə nişan mərasimində dəm qazından zəhərlənmə – 110-dan çox qonaq xəstəxanaya yerləşdirildi
Azərbaycan.media xəbər verir ki, Türkiyənin Malatya şəhərində nişan mərasimi zamanı 110-dan çox şəxs dəm qazından zəhərlənib.
Hadisə Battalgazi rayonunun Orduzu məhəlləsindəki toy salonunda baş verib. Nişan mərasimi zamanı qonaqlar özlərini pis hiss etməyə başlayıblar. Hadisə yerinə çağırılan tibb işçiləri onların dəm qazından zəhərləndiyini müəyyən ediblər.
Malatya valisi Seddar Yavuz sosial media hesabında açıqlama verərək bildirib:
“Battalgazi rayonundakı toy salonunda baş verən dəm qazı zəhərlənməsi nəticəsində 113 vətəndaşımız müalicə üçün səhiyyə müəssisələrimizə aparılıb. Onların ümumi vəziyyətinin yaxşı olduğu müəyyən edilib və bəzi xəstələr artıq evə buraxılmağa başlayıb. Hadisəyə səbəb olan günahkarlar barədə araşdırma başlanıb. Həmvətənlərimizə ən xoş arzularımı çatdırır və tezliklə sağalmalarını arzulayıram”.
Məlumatda qeyd olunur ki, xəstələrin vəziyyəti hazırda sabitdir və zərərçəkənlərin əksəriyyəti artıq evə buraxılıb. Araşdırmalar hadisənin səbəblərinin tam müəyyənləşdirilməsi üçün davam edir.
