🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Natiq Şirinovdan gənclərə çağırış: “Heç vaxt ümidinizi Allahdan kəsməyin”

Natiq Şirinovdan gənclərə çağırış: “Heç vaxt ümidinizi Allahdan kəsməyin” – səhnə ilə bağlı vəsiyyəti və həyat fəlsəfəsi

Azərbaycan.media xəbər verir ki, Xalq artisti Natiq Şirinov “Yaşananlar” verilişində çıxışı zamanı gənclərə və ümidsizliyə qapılan insanlara mənəvi mesajlar verib, həyat, inam və səbir mövzusunda fikirlərini bölüşüb.

Sənətkar onu da bildirib ki, insan heç vaxt ümidini itirməməlidir:

“Bütün cavanlara, ümidini kəsən insanlara mesajım olsun. Hamımız müsəlmanıq, Allahı sevir, ona inanırıq. Quranda gözəl bir ayə var: ümidini Allahdan kəsənlər kafirlərdir. Heç vaxt ümidinizi kəsməyin, həmişə sevinin, əziyyətli də olsa”.

Natiq Şirinov həmçinin səhnə ilə bağlı xüsusi vəsiyyətini də açıqlayıb. O, səhnədə dünyasını dəyişəcəyi halda konsertinin yarımçıq saxlanılmamasını istədiyini bildirib:

“Oğluma demişəm ki, ola bilər səhnədə dünyamı dəyişərəm, konserti davam elə. Güclü olmaq pullu olmaq, yaxşı maşınının, evinin olması deyil. Bu, ruhən olur. Elə həmin anda konserti davam etdirmək gücdür”.

Sənətkar həyatın çətinliklərinə münasibətindən də danışaraq vurğulayıb ki, əsas dəyər yaşamaq, zəhmət çəkmək və ailəni dolandırmaqdır:

“İnsan şor çörək də yeyər, yer də süpürər, zibil də daşıyar. Əsas odur ki, yaşayırsan, evə çörək aparırsan. Bu özü həyatdır”.

O, hər şeyin Allahın iradəsi ilə olduğunu bildirərək əlavə edib:

“Bu gün sahib olduqlarımı bir anda əlimdən alsa, yenə üzüm gülər. Ümidinizi kəsməyin. Əsas odur ki, gördüyün işi düzgün edəsən. Vətən, ailə və iş – bu üç şeyə sadiq olasan”.

Natiq Şirinov gələcək arzularından da söz açaraq, oğul nəvəsi olacağı təqdirdə onun sənətini davam etdirməsini istədiyini bildirib:

“İnşallah, oğlan nəvəm olsa, adını Natiq qoyacağam. O da nağara çalacaq. Bu, onun irsidir. Məndən sonra oğlum, ondan sonra isə nəvəm bu sənəti davam etdirə bilər”.

Xalq artistinin bu fikirləri sosial şəbəkələrdə də geniş rezonans doğurub və gənclər üçün motivasiyaedici mesaj kimi qiymətləndirilib.