Azərbaycan.media xəbər verir ki, beynəlxalq iddiaçılar qrupu “WhatsApp” istifadəçilərinin mesajlarına giriş imkanı ilə bağlı “Meta Platforms Inc.” şirkətinə qarşı məhkəmə iddiası qaldırıb.
Publika.az-ın “Bloomberg”ə istinadən verdiyi məlumata görə, iddiaçılar ABŞ-ın San-Fransisko dairə məhkəməsinə müraciət edərək, “Meta”nın “WhatsApp” istifadəçilərinin şəxsi yazışmalarına çıxış imkanına malik olması ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər.
Məlumata əsasən, “WhatsApp” platforması end-to-end şifrələmə texnologiyasından istifadə edir və bu sistemə görə mesajlar yalnız göndərən və alan tərəf üçün əlçatan olmalıdır. Lakin iddiaçılar bildirirlər ki, “Meta”nın məxfiliklə bağlı ictimai açıqlamaları reallığı əks etdirmir. Onların iddiasına görə, “Meta” və “WhatsApp” istifadəçilərin şəxsi yazışmalarını saxlayır, analiz edir və faktiki olaraq bütün mesajlara çıxış əldə edə bilir. Bu səbəbdən şirkət və rəhbərliyi dünya üzrə milyardlarla istifadəçini aldadaraq maliyyə məqsədilə istismar etməkdə ittiham olunur.
“Meta” şirkətinin nümayəndəsi isə iddiaları əsassız adlandırıb və bildirib ki, şirkət iddiaçı tərəfin vəkillərinə qarşı sanksiyaların tətbiqi üçün hüquqi mübarizə aparacaq.
Qeyd edək ki, iddiaçı qrupuna Avstraliya, Braziliya, Hindistan, Meksika və Cənubi Afrika nümayəndələri daxildir. Onlar hesab edirlər ki, “Meta” istifadəçilərin yazışmalarının məzmununu saxlayır və şirkət əməkdaşları bu məlumatlara çıxış əldə edə bilər. Şikayətdə məlumatların açıqlanmasına yardım edən məlumatlandırıcıların (whistleblower) mövcudluğu da qeyd olunur, lakin onların şəxsiyyəti açıqlanmır.
