🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

ABŞ Qəzza planını irəlilətmək üçün İsraildə: Vaşinqtondan 20 maddəlik “Yeni Qəzza” təşəbbüsü

Azərbaycan.media xəbər verir ki, ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner İsraildə səfərdədir və Vaşinqtonun Qəzza müharibəsini bitirmək məqsədilə hazırladığı 20 maddəlik planın irəlilədilməsi istiqamətində danışıqlar aparırlar.

Bu barədə Ağ Ev rəsmi açıqlama yayıb. Bildirilib ki, nümayəndələrin İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi görüşlər səmərəli olub.

Qeyd edək ki, ABŞ cümə axşamı “Yeni Qəzza” adlı planı elan edib. Sözügedən təşəbbüs Qəzzanın sıfırdan yenidən qurulmasını nəzərdə tutur. Plana əsasən, ərazidə müasir yaşayış qüllələrinin, məlumat mərkəzlərinin və dənizkənarı istirahət zonalarının inşası planlaşdırılır. Bu addım ABŞ Prezidenti Donald Trampın İsrail və HAMAS arasında atəşkəsin tez-tez pozulması ilə bağlı narahatlığı fonunda gündəmə gətirilib.

ABŞ rəsmiləri jurnalistlərə bildiriblər ki, administrasiya İsraillə sıx əməkdaşlıq edərək sonuncu girov – Ran Qvilinin cəsədinin geri qaytarılması üzərində işləyir.

Brifinqdə iştirak edən rəsmi şəxslərdən biri qeyd edib ki, Trampın köməkçiləri Netanyahu ilə Qəzzanın silahsızlaşdırılması və bölgədə uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səyləri də müzakirə etməyi planlaşdırırlar.

İsrail baş nazirinin ofisi isə Netanyahu-nun Uitkoff və Kuşnerlə görüşdüyünü təsdiqləyib. Rəsmi məlumata görə, görüşdə Qəzza atəşkəsinin ikinci mərhələsi müzakirə olunub, lakin əlavə detallar açıqlanmayıb.