Azərbaycan.media xəbər verir ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanovanın Şuşa və Xankəndi səfəri ilə bağlı qələmə aldığı qeydlər həm şəxsi duyğuların, həm də milli yaddaşın dərin qatlarına toxunan təsirli bir yol hekayəsidir.
Müəllif qeyd edir ki, Şuşaya ikinci, Xankəndi şəhərinə isə ilk səfəri olub. Azad edilmiş torpaqlarda aparılan quruculuq və abadlıq işləri, bərpa olunan həyat, dirçələn şəhər mənzərələri onun daxilində böyük bir rahatlıq və qürur hissi yaradıb. Bu yerləri indiyə qədər yalnız internet üzərindən – xəritələrdə, şəkillərdə və videogörüntülərdə görən müəllif üçün Xankəndini canlı görmək sözlə ifadə olunmayacaq qədər güclü emosional təsir bağışlayıb.


Fəridə Aslanova yazır ki, insanın xəyal gücü ilə bir məkandan digərinə “teleportasiya etdiyi” duyğular bəzən ətrafdakılara anlaşılmaz görünür. Amma Qarabağ torpağında bu duyğular reallığa çevrilir – insan sanki zamanla, yaddaşla, tarixlə üz-üzə qalır. Füsunkar mənzərələr, sərt və keçilməz dağ yolları, daş-qayalar yalnız təbiətin gözəlliyini deyil, həm də bu torpaqlar uğrunda aparılan mübarizənin böyüklüyünü xatırladır.
Müəllif xüsusilə 44 günlük Vətən müharibəsini yada salaraq qeyd edir ki, bu sərt iqlimdə, qar-boranlı, dumanlı meşələrdə mərd-mərdanə döyüşən əsgərlərimizin dözümü, iradəsi və fədakarlığı insanı heyran edir. Gündəlik həyatda adi bir səs-küyün belə insanı diksindirdiyini xatırladan Fəridə Aslanova, döyüş meydanında ölümcül səslər içində vuruşan əsgərlərin necə böyük mənəvi gücə sahib olduqlarını vurğulayır. Onun fikrincə, bu Zəfərin təməlində Ali Baş Komandanın ətrafında formalaşan ümumxalq birliyi, əsgər və zabitlərin şücaəti, dost və qardaş ölkələrin mənəvi dəstəyi dayanır.
Yazıda şəxsi xatirələr də xüsusi yer tutur. Müəllif Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuş bibisi nəvəsi Elçini xatırlayır, onun timsalında bütün şəhidlərimizə rəhmət, qazilərimizə isə cansağlığı diləyir. Bu torpaqlara ayaq basmağın özü onun üçün bir möcüzə kimi təsvir olunur – illərlə edilən duaların, edilən arzuların gerçəyə çevrilməsi kimi.
Fəridə Aslanova özünü “90-cı illərin müharibə uşaqları” nəslinin nümayəndəsi kimi təqdim edir. Müharibə illərində yaşanan qorxu, didərginlik, köçkünlük xatirələri, Beyləqanda uşaqlıq dövründə eşidilən top-tüfəng səsləri, mərmilərin yaratdığı vahimə onun yaddaşında silinməz izlər buraxıb. Füzulidən, doğma yurdlarından didərgin düşən qohumlarının çəkdiyi ağrıları, torpaq həsrətini, yurd xiffətini görərək böyüməsi bu gün Qarabağa olan münasibətini daha da dərinləşdirib.
Müəllif vurğulayır ki, o illərdə “el elə sığar, ev evə sığmaz” məsəlinin tam əksi yaşanıb – eyni dərdi, eyni ağrını paylaşan insanlar bir dam altında sığışa biliblər. Çünki onları birləşdirən ortaq tale və ümumi dərd idi.
Sonda Fəridə Aslanova Qarabağa, Azərbaycana sevgi dolu çağırışla müraciət edir: bu torpaqların hər qarışının əziz olduğunu, azadlığın dəyərinin ölçüyəgəlməz olduğunu və səmanın hər zaman aydın olmasını diləyir. Onun sözlərinə görə, Qarabağ yalnız coğrafi məkan deyil – yaddaşdır, tarixdir, şəhidlərin ruhudur, gələcək nəsillərin ümididir.
Müəllif: Fəridə Aslanova
Mənbə: Azərbaycan.media
