Azərbaycan.media xəbər verir ki, yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trump arasında görüş keçirilib.
Modern.az-ın məlumatına görə, görüşdə Donald Trampın yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanla ABŞ arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində əldə edilən razılaşmalarda Prezident Donald Trampın tarixi rolunun xüsusi vurğulandığı bildirilib.
Dövlətimizin başçısı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlara toxunub. Prezident İlham Əliyev artıq regionda sülhün mövcud olduğunu qeyd edərək, bunun iki ölkə arasında ticarət münasibətlərinin formalaşmasında da özünü göstərdiyini bildirib. Bu kontekstdə Azərbaycandan Ermənistana neft məhsullarının ixracı, həmçinin idxal edilən taxılın ölkəmiz vasitəsilə Ermənistana çatdırılması faktları diqqətə çatdırılıb.
Prezident İlham Əliyev **Zəngəzur dəhlizi**nin, eləcə də TRIPP layihəsinin regional bağlantılar və kommunikasiya baxımından mühüm rol oynadığını vurğulayıb.
Görüş zamanı ABŞ Prezidentinin sədrliyi ilə yaradılan Sülh Şurasının əhəmiyyətinə də toxunulub. Bu qurumun Yaxın Şərqdə sülhün möhkəmləndirilməsi və qlobal münaqişələrin həllinə töhfə verməsi baxımından önəmi qeyd edilib. Sülh Şurasına təsisçi üzv dövlət qismində Azərbaycanın dəvət olunması Azərbaycan–ABŞ strateji tərəfdaşlığının və ölkəmizin dünyada sülhün təşviqində oynadığı rolun göstəricisi kimi qiymətləndirilib.
Söhbət əsnasında dövlət başçıları ikitərəfli münasibətlərin perspektivləri barədə fikir mübadiləsi aparıb, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin və təmasların əlaqələrin daha da dərinləşdirilməsində mühüm rol oynadığı vurğulanıb.
