🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Onkoloji müalicə artıq özəl klinikalarda da mümkün olacaq

Azərbaycan.media xəbər verir ki, onkoloji xidmətlərin yalnız dövlət müəssisələri ilə məhdudlaşdırılması aradan qaldırılır. Bu məsələ Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında müzakirə edilən “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” qanunlarında dəyişiklik layihəsində öz əksini tapıb.

Hazırda qanuna əsasən, onkoloji xidmət yalnız ixtisaslaşmış dövlət tibb müəssisələri tərəfindən göstərilir və xəstələrə yardım dövlət büdcəsi hesabına həyata keçirilir. Qanunvericilik pasiyentin həkimi və müəssisəni seçmək hüququnu təsbit etsə də, onkoloji yardım yalnız dövlət müəssisələrində mövcuddur ki, bu da vətəndaşların seçim imkanlarını məhdudlaşdırır.

Dəyişiklik layihəsinə əsasən, yalnız onkoloji yardım üzrə müvafiq lisenziyaya malik özəl tibb müəssisələri də bu xidməti göstərə biləcək. Bu yolla vətəndaşlar həm dövlət, həm də lisenziyalı özəl müəssisələrdə müalicə almaq imkanı qazanacaqlar.

Layihənin qəbulundan sonra Azərbaycan vətəndaşlarının, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müalicə həkimini və tibb müəssisəsini sərbəst seçmək hüququnun təmin olunması gözlənilir.