Azərbaycan.media xəbər verir ki, Lahıc və Basqal qəsəbələri arasında yerləşən Niyal qalasının Qərb bürcündə qanunsuz qazıntı işləri aparan şəxslər barədə cinayət işi açılıb.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən APA-ya bildirilib ki, 2023-cü ilin noyabrında qalada qanunsuz qazıntıların aparıldığı aşkar olunub və həmin dövrdən etibarən ərazidə nəzarət tədbirləri gücləndirilib. 2025-ci ilin fevral-mart aylarında isə yenidən qazıntı halları qeydə alınıb və aidiyyəti qurumlara məlumat verildikdən sonra Şahmalıyev Namiq Kamil oğlu və Novruzov Sabit Sədi oğlu hadisə yerində saxlanılıb.
İstintaq zamanı müəyyən edilib ki, onlar IX–XII əsrlərə aid Niyal qalasının Qərb bürcünün hasarı boyunca tamah məqsədilə qanunsuz qazıntı aparıblar. Nəticədə qaladakı divarın ön hissəsindən 5,38 metr, arxa hissəsindən isə 2 metr uzunluğunda hissəsi uçurularaq müşahidə məntəqəsinə ciddi zərər vurulub.
Baş Prokurorluq tərəfindən 11 mart 2025-ci il tarixində cinayət işi başlanıb və ibtidai istintaq tamamlanaraq 1 avqust 2025-ci il tarixində baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib. Hazırda işin məhkəmə istintaqı davam edir.
Qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 246-cı maddəsinə əsasən, təqsirləndirilən şəxslər iki ilədək müddətə azadlıqdan məhrum edilə bilərlər.
