Azərbaycan.media xəbər verir ki, Elm və Təhsil naziri Emin Əmrullayevin Türkiyəyə rəsmi səfəri çərçivəsində Ankarada Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti (İTÜ) arasında elm və təhsil sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.
Mərasimdə Elm və Təhsil naziri Emin Əmrullayev, Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar, Qarabağ Universitetinin rektoru Şahin Bayramov və İstanbul Texniki Universitetinin rektoru Hasan Mandal iştirak edib.
YÖK sədri Erol Özvar çıxışında iki qardaş ölkəni birləşdirən tarixi bağları vurğulayıb, ali təhsil sahəsində əməkdaşlığın Türkiyə və Azərbaycanın ortaq gələcəyinə töhfə verdiyini bildirib. O, Qarabağ Universitetini region üçün yeni bilik və innovasiya mərkəzi kimi qiymətləndirib və İstanbul Texniki Universitetinin təcrübəsinin universitetin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Elm və Təhsil naziri Emin Əmrullayev isə memorandumun iki qardaş ölkənin elm və təhsil sahəsində əməkdaşlığının yeni platforması olduğunu qeyd edib. Nazir Qarabağ Universitetinin Azərbaycan və Türk dünyası üçün əhəmiyyətini vurğulayıb və İTÜ ilə əməkdaşlığın universitetin mövqelərinin möhkəmlənməsinə töhfə verəcəyinə inamını bildirib.
Memorandum çərçivəsində bakalavriat və magistratura səviyyələrində tələbə, pedaqoji heyət və tədqiqatçı alimlərin qarşılıqlı mübadiləsi, birgə tədqiqat fəaliyyəti, elmi materiallar və informasiya mübadiləsi, ikili diplom proqramlarının hazırlanması, həmçinin Qarabağ Universitetinin Mühəndislik fakültəsi üçün tədris və tədqiqat laboratoriyalarının birgə layihələndirilməsi və idarə edilməsi nəzərdə tutulur.
