🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Valideyn itkisi yaşayan uşaqların psixoloji vəziyyəti və dəstək yolları

Azərbaycan.media xəbər verir ki, valideyn itkisi uşaqlar üçün ən dərin və sarsıdıcı psixoloji təcrübələrdən biri hesab olunur. Bu hadisə yalnız sevilən bir şəxsin itirilməsi deyil, həm də uşağın təhlükəsizlik hissi, emosional dayaq sistemi və həyatla bağlı əsas təsəvvürlərinin dəyişməsi deməkdir. Elmi tədqiqatlar göstərir ki, valideyn itkisi uşaqlarda qısa və uzunmüddətli psixoloji təsirlərə səbəb ola bilər, təsirlərin forması isə uşağın yaşı, inkişaf səviyyəsi, temperament və ətraf dəstək mexanizmləri ilə bağlıdır.

Uşaqların yaş dövrlərinə görə psixoloji reaksiyaları

0–6 yaş: Bu dövrdə uşaqlar ölümün geri dönməzliyini tam dərk etmir. Valideynin yoxluğu onlar üçün tərk edilmə hissi kimi görünür və əksər hallarda yuxu və qidalanma pozuntuları, regresiv davranışlar (altını islatma, barmaq əmmə), artan həyəcan və aqressiya, valideyn fiquruna həddindən artıq yapışma şəklində ifadə olunur.

6–12 yaş: Uşaqlar artıq ölümün daimi olduğunu başa düşməyə başlayır, lakin qorxu, günahkarlıq və çaşqınlıq hissləri yaşanır. Bu yaşda uşaqlar təkliyə çəkilmə, məktəb uğurunda enmə, diqqət problemləri və somatik şikayətlər (baş, qarın ağrıları) göstərə bilərlər.

12 yaş və yuxarı: Yeniyetməlik dövründə itki ekzistensial və şəxsiyyətlə bağlı sualları ön plana çıxarır. Depressiv simptomlar, ümidsizlik, gələcəklə bağlı qorxular və emosional izolyasiya riski daha yüksək olur. Sosial dəstək ehtiyacı dostlardan və müəllimlərdən axtarılır.

Əsas psixoloji risklər

  • Kədər və depressiya: Dəstək mexanizmləri zəif olan uşaqlarda kədər uzunmüddətli depressiyaya çevrilə bilər.

  • Narahatlıq və təhlükəsizlik hissinin pozulması: Valideyn itkisi uşağın “dünya təhlükəsiz yerdir” inancını sarsıdır, bağlanma problemlərinə səbəb ola bilər.

  • Qəbul və uyğunlaşma: İtkini emal etmək uzun və fərdi bir prosesdir, aylarla, bəzən illərlə davam edə bilər.

Psixososial dəstək və reabilitasiya

Uşaqların travmanı ilə başa çıxmasında aşağıdakı dəstək üsulları effektivdir:

  • Açıq və yaşa uyğun ünsiyyət

  • Stabil və güvənli mühitin qorunması

  • Fərdi və qrup terapiyası

  • Zaman, səbir və empatiya ilə yanaşma

Vaxtında göstərilən elmi əsaslı psixososial dəstək uşağın travmanı sağlam şəkildə emal etməsinə, psixoloji davamlılığını qorumasına və gələcək inkişafını sağlam təməllər üzərində qurmasına imkan yaradır.

Psixoloq M. Almara Ağaqızı
PRİM – “Psixososial Reabilitasiya və İnkişaf Mərkəzi”nin direktoru

Uşaqların valideyn itkisi ilə bağlı dəstək və məsləhət üçün Bakı şəhəri, Zahid Xəlilov 48A, Elmlər m/st yaxınlığındakı PRİM Mərkəzinə müraciət etmək və ya 050 777 80 04 nömrəsi ilə əlaqə saxlamaq mümkündür. Həmçinin Instagram səhifəsi vasitəsilə də kontakt yaratmaq mümkündür.

Mənbə: Azərbaycan.media