Azərbaycan.media xəbər verir ki, Aşqabadda Türkmənistan və Hindistan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr təşkil olunub.
Bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti açıqlama yayıb. Məsləhətləşmələrdə Türkmənistan tərəfini xarici işlər nazirinin müavini Myaxri Byaşimova, Hindistan tərəfini isə Xarici İşlər Nazirliyinin Qərb məsələləri üzrə katibi Sibi Corc təmsil edib.
Görüş zamanı siyasi-diplomatik, ticarət-iqtisadi, elm-təhsil və mədəni-humanitar sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər yaxın perspektivdə iki ölkənin xarici işlər nazirləri arasında görüşün keçirilməsinin vacibliyini vurğulayıblar.
Məsləhətləşmələrdə parlamentlərarası dialoqun inkişafı, həmçinin Türkmənistan–Hindistan münasibətləri üçün hüquqi bazanın təkmilləşdirilməsi məsələləri də müzakirə olunub. Diplomatlar BMT də daxil olmaqla regional və beynəlxalq təşkilatlar çərçivəsində konstruktiv əməkdaşlığın əhəmiyyətinə diqqət çəkiblər.
Ticari-iqtisadi əlaqələrin genişləndirilməsi imkanları, enerji, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə mövcud və perspektiv layihələr ətraflı nəzərdən keçirilib. Eyni zamanda, iki ölkənin özəl sektorları arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd olunub.
Görüşün sonunda mədəni və humanitar sahədə əməkdaşlıq, eləcə də 2026-cı il üçün birgə fəaliyyət planı müzakirə edilib.
