Azərbaycan.media xəbər verir ki, ABŞ-nin Qrenlandiya ilə bağlı mümkün razılaşması Vaşinqtonun adanın kiçik əraziləri üzərində nəzarəti ələ keçirməsini nəzərdə tuta bilər.
Bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb. Bildirilib ki, ABŞ Prezidenti Donald Trampın yanvarın 21-də gələcək razılaşmanın konturlarının müəyyən edildiyini açıqlamasından öncə NATO-nun hərbi rəsmiləri mümkün kompromis variantlarını müzakirə ediblər.
Mənbələrin məlumatına görə, həmin kompromis Danimarkanın ABŞ-nin Qrenlandiyanın müəyyən kiçik əraziləri üzərində suveren nəzarətini təmin etməsini nəzərdə tutur. Bu çərçivədə ABŞ-nin adada hərbi bazalar inşa etməsi ehtimalı da müzakirə olunub.
Adı açıqlanmayan üç rəsminin sözlərinə görə, NATO-nun baş katibi Mark Rütte bu tip razılaşmanı dəstəklədiyini bildirib. Qəzetin mənbələri mümkün modeli Böyük Britaniyanın xaricdəki ərazisi sayılan Kiprdə yerləşən Britaniya hərbi bazaları ilə müqayisə ediblər.
Bununla belə, qeyd olunur ki, bu ideyanın ABŞ Prezidenti Donald Tramp tərəfindən elan edilən konsepsiyanın rəsmi tərkib hissəsi olub-olmadığı hələlik məlum deyil.
