Azərbaycan.media xəbər verir ki, Cəbrayıl rayonunun Horovlu kəndindən maraqlı fotolar yayımlanıb. Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən çəkilən görüntülərdə kənd sakinlərinin qayıtdığı və kəndin qarla örtüldüyü əks olunub.
Qeyd edək ki, Horovlu kəndinin birinci mərhələsinin açılışı 2025-ci il oktyabrın 28-də baş tutub və bu mərhələdə 37 ailə (160 nəfər) köçürülüb. Kəndin təməlini Prezident İlham Əliyev 2023-cü ilin may ayında qoyub.
Ümumi sahəsi 248 hektar olan Horovlu kəndində 334 fərdi ev inşa edilib. Evlər 2, 3, 4 və 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi – su, işıq, qaz, Günəş panelləri və yüksək sürətli internetlə təmin olunub. Evlərin üzərində Qarabağ xalçalarının ornamentləri həkk edilib, kənddaxili yollara asfalt döşənib.
Birinci mərhələdə 94 hektar ərazidə 334 fərdi ev, 624 şagird yerlik məktəb, 220 yerlik körpələr evi-uşaq bağçası, ikimərtəbəli inzibati bina, bazar kompleksi, çoxfunksiyalı iaşə obyektləri, tibb məntəqəsi və idman-sağlamlıq mərkəzi tikilib, su kəhrizləri bərpa edilib.
Xatırladaq ki, Horovlu kəndi 1993-cü ildə Ermənistan tərəfindən işğal olunub və 2020-ci il oktyabrın 4-də Azərbaycan Ordusu tərəfindən azad edilib.
