Azərbaycan.media xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ştq., Q.Quliyev küçəsində fəaliyyət göstərən və fiziki şəxs Quliyev Cavanşir Tair oğluna məxsus unlu-qənnadı məmulatlarının emalı və satışı obyektində hazırlanan ət qutabında at DNT-si müəyyən edilib.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) açıqlama yayıb. Bildirilib ki, daxil olan müraciət əsasında Agentliyin əməkdaşları obyektdə yoxlama aparıblar.
Yoxlama zamanı müəyyən edilib ki, obyekt qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərir və sanitar-texniki, sanitar-gigiyenik tələblər pozulub. Xüsusilə:
-
Texnoloji ardıcıllıq və qida məhsullarının saxlanma şəraiti təmin olunmayıb;
-
Unlu-qənnadı məhsulları antisanitar şəraitdə emal edilir və mənşəyi məlum olmayan xammallardan istifadə olunur;
-
Qida ilə təmasda olan səthlər, işçi masalar və soyuducu rəfləri korroziyaya uğrayıb;
-
Qutab hazırlanmasında istifadə olunan ət farşından götürülən nümunələrin laborator müayinəsi mikrobioloji uyğunsuzluq və at DNT-sini göstərib.
AQTA bildirib ki, faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub və qida məhsullarının satışı, istehsalı nöqsanlar aradan qaldırılanadək dayandırılıb.
