Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyevin təsdiqlədiyi dəyişikliklərlə Əmək Məcəlləsində təhsilalan və əcnəbilərlə müəyyən müddətə əmək müqaviləsi bağlanmasına yol verilib.
Deputat Elnarə Akimova saytımıza açıqlamasında bildirib ki, yeni dəyişikliklərin əsas məqsədi tələbələrin istehsalat təlimi və ya təcrübəsinin formal yox, real əmək fəaliyyəti kimi tanınmasını təmin etməkdir. Bu səbəbdən artıq tələbələrlə müəyyən müddətli əmək müqaviləsi bağlamağa qanunla icazə verilir.
O qeyd edib ki, müqavilə imzalandığı andan maliyyə məsələləri əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq işəgötürən tərəfindən həyata keçirilir:
“Tələbə təcrübə və ya istehsalat təlimi keçdiyi müəssisə ilə əmək müqaviləsi imzalayırsa, onun əməyinin ödənişi birbaşa işəgötürən tərəfindən həyata keçirilməlidir. Əməkhaqqının məbləği, ödəniş qaydası və digər şərtlər tərəflər arasında bağlanan müqavilədə öz əksini tapır”.
Millət vəkili əlavə edib ki, təhsil müəssisələrinin rolu yalnız tələbələrin təcrübəyə cəlb olunmasını təşkil etmək və prosesi əlaqələndirməkdir, maliyyə öhdəliyi isə işəgötürənin üzərində qalır. Bu dəyişiklik tələbələrin real iş stajını rəsmiləşdirir, əmək hüquqlarını qoruyur və gələcəkdə CV-lərində ciddi üstünlük yaradır.
Elnarə Akimova hesab edir ki, yenilik tələbələrin əmək bazarına daha hazırlıqlı, praktiki bacarıqlara malik və hüquqi baxımdan qorunan şəkildə daxil olmalarını təmin edəcək.
