🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Dövlət Komitəsi “bir nikah prinsipi”ni sorğulayan yanaşmaları təhlükəli hesab edir

Azərbaycan.media xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova son dövrlər bəzi media platformalarında “bir nikah prinsipi”nin Azərbaycan reallığına cavab verib-vermədiyi ilə bağlı aparılan müzakirələrin ciddi narahatlıq doğurduğunu bildirib.

O vurğulayıb ki, “bir nikah prinsipi” Azərbaycan qanunvericiliyində təsbit edilmiş, dövlətin ailə siyasətinin əsas sütunlarından biridir. Bu prinsiplərin ictimai reallıq adı altında şübhə altına alınması ailə institutunun mahiyyətinin deformasiyasına və qadın, uşaq hüquqlarının təhlükəyə atılmasına xidmət edir.

Taliyə İbrahimova qeyd edib ki, komitə çoxnikahlılığın dolayısı ilə məqbul hesab olunmasına şərait yaradan yanaşmaları yolverilməz sayır və media subyektlərini ailə siyasəti ilə bağlı məsuliyyətli mövqe tutmağa çağırıb. Dövlət Komitəsi qadın və kişilərin hüquq bərabərliyi, uşaq mənafeyinin üstünlüyü və nikahın könüllülüyü prinsiplərinin hər hansı formada sorğulanmasının qəbuledilməz olduğunu vurğulayıb.