Azərbaycan.media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 9-da Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər heyətinin üzvləri – Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel və Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Faki ilə görüşüb.
Görüşdə qonaqlar Azərbaycana hər zaman məmnuniyyətlə səfər etdiklərini qeyd edərək, 2026-cı il üzrə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi istiqamətində Prezident İlham Əliyevin səylərinə görə təqdim olunacağını bildiriblər. Mükafatın təntənəli təqdimat mərasimi fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək, Prezident İlham Əliyev isə fəxri qonaq qismində dəvət olunub.
Münsiflər heyəti, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin digər münaqişə bölgələri üçün nümunə ola biləcəyini vurğulayıb. Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam qeyd edib ki, Prezident İlham Əliyevin səyləri dünyada sülh və barışıq üçün nümunədir və bu mükafat onun regionda göstərdiyi əhəmiyyətli fəaliyyətin təcəssümüdür.
Şarl Mişel və Musa Faki də sülh razılaşmasının dünya üçün güclü siqnal olduğunu, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyini və göstərdiyi siyasi iradəni yüksək qiymətləndiriblər.
Prezident İlham Əliyev isə görüşdə Azərbaycanın işğal dövründə qarşılaşdığı çətinliklərə baxmayaraq dayanıqlı sülh üçün güclü siyasi iradə nümayiş etdirdiyini və sülh razılaşmasının hazırlanıb Ermənistana təqdim edildiyini vurğulayıb. Dövlət başçısı bildirib ki, son beş ildə sülh şəraitində yaşamaq ölkədə firavanlıq və stabilliyin bərqərar olmasına imkan yaradıb.
Prezident İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın mərhum Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar irsini təcəssüm etdirdiyini, həmçinin BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla qardaşlıq münasibətlərini vurğulayıb və mükafata layiq görülməsini ikiqat şərəf kimi dəyərləndirib.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
