Azərbaycan.media xəbər verir ki, Əməkdar jurnalist və şair Qərib Mehdi 90 yaşında dünyasını dəyişib.
Bu barədə APA-ya teatrşünas Anar Bürcəliyev məlumat verib. O bildirib ki, Qərib Mehdi iki gün əvvəl səhhətində yaranmış ani problemlər səbəbilə xəstəxanaya yerləşdirilib.
Şair sabah Gəncədə “İmamzadə” qəbiristanlığında dəfn ediləcək.
Qərib Mehdi 21 iyun 1936-cı il tarixində Qəbələ rayonunun Mirzəbəyli kəndində anadan olub. Kiçik yaşlarında ailəsi ilə birlikdə Gəncə şəhərinə köçüb.
1971-ci ildən H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda çıxan çoxtirajlı “Yüksəliş” qəzetinin redaktoru vəzifəsində çalışıb. 1979-cu ildən isə Gəncə şəhəri Alimlər Evi nəzdində fəaliyyət göstərən “İlham” ədəbi birliyinə rəhbərlik edib. Onun 10-dan çox bədii kitabı işıq üzü görüb, pyesləri Gəncə Dövlət Dram Teatrında səhnələşdirilib.
2009-cu ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Qərib Mehdi Əməkdar jurnalist fəxri adına layiq görülüb.
