Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Trampı İsveçrənin Davos şəhərinə aparan təyyarə texniki nasazlıq səbəbindən ABŞ-a geri qayıdır.
Bu barədə CNN telekanalı xəbər yayıb. Bildirilib ki, laynerdə texniki problem aşkar edilib və təyyarə Merilend ştatında yerləşən Endryus birləşmiş aviabazasına enəcək. ABŞ Prezidenti isə Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak etmək üçün səfərini başqa bir təyyarə ilə davam etdirəcək.
“Bu maraqlı səfər olacaq, nə baş verəcəyini bilmirəm”, – deyə Donald Tramp uçuşdan əvvəl jurnalistlərə bildirib və səfərin uğurlu keçəcəyinə əminliyini ifadə edib.
Telekanalın məlumatına əsasən, ABŞ Prezidenti Davosda Dünya İqtisadi Forumunda iştirak etməli, dünya liderləri ilə görüşlər keçirməli və forum çərçivəsində çıxış etməlidir. Eyni zamanda, onun Qrenlandiya ilə bağlı müzakirələr də daxil olmaqla bir sıra görüşlərinin planlaşdırıldığı qeyd olunur.
Xatırladaq ki, İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu yanvarın 19-dan 23-dək keçirilir. Tədbirdə 60-dan çox dövlət və hökumət başçısının, 55 iqtisadiyyat və maliyyə nazirinin, eləcə də 800-dən artıq iri şirkət rəhbərinin iştirakı gözlənilir.
