Azərbaycan.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraiti arabir yağıntılı olacaq, qar yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, gün ərzində yağıntılar tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi gündüz saatlarında zəifləyəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz isə 2–4 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75–85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir yağıntılı hava şəraiti gözlənilir, sulu qar və qar yağacağı ehtimal olunur. Ayrı-ayrı ərazilərdə yağıntıların intensiv olacağı proqnozlaşdırılır. Gün ərzində yağıntılar tədricən kəsiləcək, bəzi yerlərdə arabir duman müşahidə olunacaq. Mülayim qərb küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 2–6 dərəcə şaxta, gündüz 3–6 dərəcə isti, dağlıq ərazilərdə gecə 10–15 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə isə 17–22 dərəcə şaxta, gündüz 3–8 dərəcə şaxta təşkil edəcək.
Məlumata görə, əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlaması ehtimal olunur.
